Rusiyanın Ermənistana silah şantajı - Azərbaycana 3 aylıq fürsət...

17 iyun 2016
Rusiyanın Ermənistana silah şantajı - Azərbaycana 3 aylıq fürsət...
İşğalçıya qarşı yeni qamçı-kökə siyasəti; Kremllə forpostu arasında davam edən 200 milyon dollarlıq silah ixtilafının yeni pərdəarxası; Moskva həmin silahları indi də ortaq Hava Hücumundan Müdafiə Sistemi haqda sənədin ratifikasiyasından sonra vəd edir...
Azərbaycanın hərbi uğuru ilə nəticələnən dörd günlük aprel müharibəsindən dərhal sonra Ermənistan-Rusiya münasibətlərinə bir soyuqluq, inamsızlıq çöküb. Xüsusən də işğalçı ölkə tərəfdən bu qəfil dəyişiklik kifayət qədər qabarıq müşahidə olunmaqdadır.

Hərçənd rəsmi İrəvan bunu israrla ört-basdır etməyə çalışır, digər səviyyələrdə, xüsusən də parlament səviyyəsində, ictimaiyyətdə və ekspert dairələrində müttəfiq Rusiyadan narazılıq özünü davamlı şəkildə büruzə verməkdədir. Bu fonda II Dünya müharibəsi zamanı faşistlərlə əlbir olmuş erməni Qaragin Njdeyə İrəvanda təntənəli şəkildə abidə qoyulması, prezident Serj Sərkisyanın açılış mərasimində şəxsən iştirak eləməsi vəziyyəti daha da tündləşdirib, ikitərəfli münasibətlərdə bütün gizli “qara dəlikləri” üzə çıxarıb.

Maraqlıdır ki, Rusiya tərəfdən də problem rəsmi səviyyədə ört-basdır edilməkdədir. Hər necə olmasa, forpost Ermənistan da Moskvaya gərəkdir. Amma qarşılıqlı əlaqələrdə gizli-açıq etimadsızlıq, hər halda, qalır və belə görünür tezliklə aradan qalxmayacaq.



Bunu indi həm də Moskvanın hələ ötən il İrəvana vəd etdiyi 200 milyon dollarlıq kredit həcmində silah-sursatı verməyə tələsməməsindən görmək olar. Halbuki bəzi erməni rəsmiləri - baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan bu məqsədlə Moskvaya səfərlər eləmiş, silahların tezliklə Ermənistana çatdırılacağını, hətta prosesə artıq başlandığı haqda bir neçə dəfə ictimaiyyəti sakitləşdirən bəyanatlar veriblər.

Silahların tədarükü isə yubanır. Ehtimal ki, bu da Kremlin İrəvana qarşı özünəməxsus cəza tədbiri, yeni “qamçı və kökə” siyasətidir. Sanki Rusiya bununla Ermənistana anlatmaq istəyir ki, “Məni nə qədər söysəniz də yenə mənə möhtacsınız”.

***



“Kreml Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil”. Bu sözləri erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan srağagün bildirib. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olmasına baxmayaraq, regionda güc balansını bərpa etmək istəmir.

“Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub” - deputat iddia edib. Postancyan hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır.



Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Artak Zakaryan isə Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyəti ilə bağlı fikirlərini bölüşərkən deyib ki, Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında imzaladığı saziş parlamentdə müvafiq vaxtda nəzərdən keçiriləcək. Komissiya sədri qeyd edib ki, hazırda parlament hakimiyyətdən daxil olmuş qanun layihələrini nəzərdən keçirir: “Xatırlatmaq istəyirəm ki, bu, ikitərəfli prosesdir və saziş Rusiya parlamenti tərəfindən də ratifikasiya olunmalıdır. Bu proses hələ yekunlaşmayıb”.

Ancaq bəzi məlumatlara görə, Ermənistan parlamenti sazişin ratifikasiyasını parlament önündə sənədə qarşı keçirilən etiraz aksiyasına görə yox, məhz 200 milyon dollarlıq silahla əlaqəli yubadır - ki, öncə silahlar, sonra ratifikasiya. Sənədin ratifikasiya üçün parlamentin gündəliyinə salınmasının 3 aya qədər çəkəcəyi deyilir. Belədirsə, bu, sözsüz ki, İrəvanın Moskvaya qarşı növbəti demarşıdır.

***
Hər necə olmasa, ortada Moskvanın da İrəvana qarşı narazılığının olduğu aşkardır. Əks halda, Rusiya silahların verilişini uzatmazdı. İstisna deyil ki, Kreml öz “sadiq müttəfiqini” indi həm də bu yolla tənbeh eləmək qərarına gəlib. Bu tənbehin formalarından biri də Azərbaycanla Rusiya arasında hərbi sahədə davam edən əməkdaşlıqdır. Moskva ermənilərə görə bu əlaqələri kəsmək və ya zəiflətmək niyyətində deyil.



Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə iki gün öncəki görüşü də təsdiqlədi. Rusiyanın hərbi naziri görüş zamanı bildirdi ki, iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu onun da qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib. O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.

***

Beləcə, Moskva bir daha İrəvana, ermənilərə mesaj vermiş olur ki, forpost Ermənistana görə bölgənin açar ölkəsi Azərbaycanla əlaqələri kəsməyə hazırlaşmır. Qənaət hasil olur ki, Rusiya Güney Qafqazla bağlı öz ənənəvi oyununu davam etdirir. Moskva ilə İrəvan arasında yaşanan bu sərinlik, Kremlin İrəvana münasibətdə yeni qamçı-kökə siyasəti isə Azərbaycana istər danışıqlar masası arxasında, istərsə də döyüş meydanında, həmçinin Rusiyaya münasibətdə əlavə fürsətlər və ya manevr imkanları yaradır, onun mövqeyini gücləndirir.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook