Gündəmdə olmaq və gündə dəm olmaq

06 fevral 2017
Gündəmdə olmaq və gündə dəm olmaq
Əssəlamün ələyküm, Seyyid Əzim demiş, "ey guruhu-niksifat”, "müəllimi-dana”, sahibi-ixtiyar, necə varsız, əsənsinizmi? Təknənizdə əppək, pulqabınızda para, telefonunuzda kontur və ən əsası, gündəminizdə xəbər varmı? Bu ay nə qədər işıqpulu verdiniz, qaza borcunuz yüzə, kreditiniz dizə çıxdımı, ey əzizi-mənlər, suyunuz gəlirmi, modeminizin yaşıl işığı yanırmı, itiniz hürürmü, qurdunuz ulayırmu, qazanınız qaynayırmı, sosial şəbəkələrdə paylaşmağa status, qruplarda kiməsə atmağa gülməli video tapırsınızmı, paylaşmağa təzə şəkil varmı əlinizin altında?

Sizin məhlədə, yəni feysbukda nə xəbər var? Bu gün kim içib dəm və həm şiri-nər olub, ayılan kimi dovşana dönüb, səhvini qanıb, sözünü danıb, söyüşü silib, amma gündəmdə qalıb, hansı şair səyləyib, hansı deputat quşlayıb, kimin babası naxoşlayıb, nənəsi ölüb?

Kimin məhləsinə daha çox qar yağıb, kimin düzəltdiyi qar adamı daha böyükdü, hansı bəxtəvərin kefi kökdü, hansı bədbəxt Allahına da yükdü?

Hansı növcavan münasibətə başlayıb, kim evlənib, kim boşanıb, hansı Məcnunu Leylisi atıb, hansı müxbir o birinin bostanına daş atıb, hansı manıs özünə əl qatıb, hansı papaq altında hansı oğullar yatıb, kim kimi keçi qiymətinə satıb, kimin iti kimi tutub, kim kimdən borc alıb sonra atıb, hansı özünü körpüdən atıb, birinin pulu, birinin qanı batıb və nəhayət, üzüm ayağınızın altına, sözünüzü balla kəsim, arada bir başınızı qaldırın, xəbəriniz varmı, ey əhləlğübur, axı müharibə sizin dağlara da çatıb?

Kimin gəlini qaçıb, kimin qızı köçüb, kimin ağlı uçub, kim təzə sayt açıb, qaçqınlar hansı yaşayış məntəqəsinə köçüb, kim YAPa keçib, kim kimi qurban seçib, hansı şair Anara satılıb, hansı müəllim işdən atılıb, yurdumuzda kim qırılıb, kim qalıb, Qarabağ nə qədər unudulub? Təqaüddən, maaşdan, qranddan-mranddan nə ala bilirsiz, çax-çuxunuz varmı, başınızı dolandırırsızmı, uşaqlarınız dovşan olub kələm yemir ki, arvadınız "kül sənin kişi başına",- demir ki, belə canım sizə desin, müəllimlərə hörmət etməyə, məmurlara rüşvət verməyə, toyları, vayları yola verməyə bir şey-mir şey tapırsızmı?

Yenə hansı qaynata gəlinini zorlayıb, hansı yazar azarlayıb, neçə ər arvadını baltalayıb, pensiyalar neçə manat artıb, neçə qardaş bacısının sevgilisini yortub?

Kim təzə yaltaq doğub, kim yeni satqın əkib, hansı ana aldadılmış qızını boğub, kim kimin papağını yerə soxub?

Şadlıq evləri gözəllik salonlarını, xəstəxanalar mollaları, işverənlər hüquqşünasları dolandıra bilirmi, beləcə böhranı aldadıb yan keçə bilirsizmi, ay mənim dəyirmanın boğazına ölü atılıb diri çıxan xalqım?

Müğənniləriniz nə söyləyir, mollalarınız nə deyir, falınızdan nə çıxır, əlinizə kim baxır, atalarınıza yasin, uşaqlarınıza dərs oxutdura bilirsizmi?

Ateist və cahil olduğunuz günlərin cəzasını alırsızmı, qəzasını qılırsızmı, bəxtəbəxt, yoxsa məntiqi ardıcıllıqla ölürsüz, ay mənim əzizlərim?
Sonda bir nida cümləsi – yas mollaları demiş, bütün əhləlgübura bir salavat!

Bu arada "əhləlgübur” qəbristanlıq əhli deməkdir.
Xəbəriniz olsun

12.11.2018 - Daxili İşlər Nazirliyi Şabranda ruhi xəstəni döyüb öldürən “cinçıxardanların” fotosunu yaydı

12.11.2018 - Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktik ...

12.11.2018 - Akim Bədəlovun Dövlət Agentliyində “alternativsiz” korrupsiya projeləri

12.11.2018 - Binəqədidə İlqar Süleymanov kabusu: müavin başçıya hökm edir?

11.11.2018 - “ZAMİRƏDƏN SONRA HƏDƏF ANAR MƏMMƏDOVDUR” – Sensasiyalı açıqlama

11.11.2018 - Əli Abbasovun oğlu, Etibar Pirverdiyevin isə kürkəninin Londonda villa və şirkəti üzə çıxdı - FOTOLAR

11.11.2018 - Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər - FOTO

10.11.2018 - Ülkü Ocaqları Azərbaycan şöbəsi Bakıda Qazi Atatürkün heykəli qarşısında anım törəni keçirtdilər - FOTO

10.11.2018 - Zamirə Hacıyevanın ifadəsi üzə çıxdı – “Bu, ərimin…”

10.11.2018 - Norveç Bakıdakı səfirliyini bağlayır

09.11.2018 - Azərbaycan ordusu Naxçıvan istiqamətində yenə irəliləyib, bütün strateji yüksəklikləri tutub

09.11.2018 - "Qarabağ" Ukraynada "Vorskla"nı məğlub etdi: azarkeşlər bir-birinə girdi, işə polis qarışdı

08.11.2018 - “Nar”dan Bayraq Günü münasibəti ilə abunəçilərinə hədiyyə

Facebook