Soçi görüşü Azərbaycana necə təsir edəcək?

03 may 2017
Soçi görüşü Azərbaycana necə təsir edəcək?
Bu gün Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiyaya gedir. Xəbər verildiyi kimi, Türkiyə dövlət başçısı Soçidə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək. İki regional supergüc rəhbərlərinin bugünkü görüşünün dünya gündəminin əsas mövzularından olacağı gözlənilir. Bu da məntiqlidir.

Əvvəla, həm Türkiyə, həm də Rusiya hələ də davam edən Yaxın Şərq böhranının dinc həll prosesinə mühüm təsir imkanı olan və ciddi töhfə vermək imkanına malik oyunçulardır. Yəni müzakirə predmetlərindən ən birincisi kimi Suriya, İŞİD məsələlərinin diqqətdə saxlanacağı gözlənilir.

Xüsusən də Bəşər Əsədin taleyi ilə bağlı mövzuya müəyyən aydınlıq gətirilə bilər. Məlumdur ki, Astanada Suriyaya dair çoxtərəfli danışıqların dalana girməsində bu problem böyük rol oynayıb. Həmçinin PKK ilə bağlı Ərdoğanın Putindən dəstək istəyəcəyi gözləntisi var.

***

“Görünür, Putin Rakka şəhərinin azad olunması uğrunda döyüşlərdə Türkiyə ordusunun dəstəyinə ehtiyac duyur. Türkiyə Rakka şəhərinin azad olunması əməliyyatında Rusiya ilə əməkdaşlığı davam etdirə bilər, ancaq bunun reallaşması üçün Ankaranın şərti var. Şərt isə budur ki, Rusiya Suriyadakı silahlı kürdləri dəstəkləməməlidir! Ərdoğan bu məsələni Soçidəki görüşdə Putinin qarşısında qaldıracaq. Qarşılığında Putin Suriyada silahlı kürdlərə dəstəkdən imtina edəcəkmi? Bu suala birmənalı cavab yoxdur”. Bu fikri politoloq Elxan Şahinoğlu Ərdoğanın Soçi şəhərinə bugünkü səfərini şərh edərkən qəzetimizə söyləyib.

Bundan əlavə, sırf ikitərəfli iqtisadi-ticari əhəmiyyət kəsb edən məsələlər də diqqət mərkəzində olacaq. Bu xüsusda son vaxtlar iki dövlət arasında iqtisadi-ticari sferalarda özünü göstərən əngəllərin aradan qaldırılması üçün səylər göstəriləcəyi gözlənilir. Habelə Rusiyanın Türkiyəyə "S-400" raket komplekslərinin satması, regional və qlobal əhəmiyyətli digər mövzuların müzakirəsi istisna olunmur.

***

İki liderin görüşü daha bir neçə aspektdən maraq doğurur. Bunlardan biri Ərdoğanın ziyarətinin Türkiyə-Avropa münasibətlərinin ən gərgin dönəminə təsadüf eləməsidir. Görəsən, bu gərginlik tərəflərdən hansı birinin - Moskvanın, yoxsa Ankaranın xeyrinə işləyəcək? Rusiya Avropa ilı bağları xeyli laxlamış Türkiyənin istəklərini indi daha ciddi şəkildə nəzərə alacaqmı, yoxsa əksinə, fürsətdən yararlanıb Ankaraya öz şərtlərini qəbul etdirməyə çalışacaq?

Nəhayət, Putinlə görüşdən az sonra - mayın ortasında Ərdoğan ABŞ-a yollanacaq və prezident Donald Tramla görüşəcək. Bu mənada Soçi görüşü ABŞ səfəri öncəsi iki liderin “saat əqrəblərini tutuşdurması” xarakteri də daşıya bilər. Onu da nəzərə alsaq ki, Ankara və Moskva nə qədər tərəfdaş olsa belə, konkret olaraq Bəşər Əsəd məsələsində Ərdoğan Putindən fərqli, Trampla isə eyni mövqe tutur, o zaman Türkiyə prezidentinin okeanın o tayına konkret mesaj aparacağını da ehtimal eləmək mümkündür.

***

Soçi görüşü müəyyən mənada Azərbaycan üçün də önəm daşıyır. Təkcə ona görə yox ki, qardaş ölkənin böyük bir geosiyasi arealda manevr imkanlarının genişlənməsi, güclənməsi Azərbaycanın da güclənməsi deməkdir, həm də o səbəbə ki, Türkiyə-Rusiya əlaqələrinin daha aydın, proqnoza yatımlı və səmimi olması Dağlıq Qarabağ məsələsində real dönüşə və Rusiya-Türkiyə-Azərbaycan üçlü formatının qurulmasına etibarlı zəmin yarada bilər.

Bəzi ehtimallara görə, liderlər Cənub Qafqazda situasiyanın müzakirəsi çərçivəsində Dağlıq Qarabağ probleminə də toxunacaqlar. Bu və digər səbəblərdən səfər işğalçı Ermənistanda və onun siyasi-ekspert dairələrində də diqqət mərkəzindədir.

Ancaq bütün hallarda Türkiyə və Rusiya bölgədə özəl, üst-üstə düşməyən maraqlar izləyən iki böyük dövlətdir. İki ölkə arasında iqtisadi-ticari, hətta hərbi sahədə nə qədər yaxınlaşma, anlaşma olsa da, bu müəyyən həddə kimi mümkündür. Çünki Rusiya Asiya ölkəsi olaraq daha çox Asiyaya, Türkiyə isə Avropa ölkəsi olaraq daha çox Avropaya bağlıdır. Qardaş ölkə, üstəlik, NATO üzvü olmaqla tam fərqli, hətta əks-qütblü təhlükəsizlik sistemlərində yer alır.
***

Mövzuya bu və ya digər dərəcədə dəxli olan mühüm detallardan biri də, fikrimizcə, Kremlin “danışan dili” və ideoloqlarından biri, Rusiya Avrasiya Hərəkatının lideri, Putinin müşaviri sayılan politoloq Aleksandr Duqinin məhz Ərdoğanın Rusiya səfəri ərəfəsi Bakıda peyda olmasıdır.

O Duqin ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən az sonra qardaş ölkədə olmuş Moskvanın bəzi mesajlarını aparmışdı. Məhz onun səfərindən sonra hərbi çevriliş cəhdinin sifarişçiləri və icraçılarının çevrəsi qısa zamanda bilindi.

İlkin məlumatlara görə, ölkəmizə Azərbaycan rus icmasının dəvəti ilə təşrif buyuran Duqinin Bakı səfərinin proqramına rəsmi şəxslərlə və ictimai təşkilatlarla görüşlər, Bakı Slavyan Universitetində mühazirə, Azərbaycan rus icmasının nümayəndələri ilə görüş, ölkənin elmi və intellektual dairələrində təmaslar daxildir.

Dağlıq Qarabağ məsələsində qeyri-ordinar, bəzən isə sensasion yanaşma sərgiləyən bu şəxsin Azərbaycanın rəhbərliyi səviyyəsində qəbul edilib-edilməyəcəyi barədə isə heç bir bilgi yoxdur. Lakin bütün hallarda bir sual öz aktuallığını saxlayır: görəsən, Kremlin ideoloqu Bakıya hansı ismarışla gəlib - üstəlik, Ərdoğanın Soçi ziyarəti ərəfəsi?.. \\musavat.com\\
Xəbəriniz olsun

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

21.02.2018 - "SOCAR Trading" Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbirini uğurla həyata keçirib - VİDEO

21.02.2018 - Afrinə girmək istəyən Əsədin ordusu niyə geri çəkildi? - "Kreml Ərdoğanın nəbzini yoxlamaq istədi və..."

21.02.2018 - Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var

21.02.2018 - Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat

20.02.2018 - İşlər qarışdı, “Hizbullah” qüvvələri Afrinə girdi: Türkiyə bombalayır

20.02.2018 - Oqtay Gülalıyev KXCP sədrinə facebookdan “atəş açdı”: “Elçibəyin şəkli altında...”

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

Facebook