“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15 iyun 2018
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
Azərbaycanın təmas xəttinə qoşun cəmləşdirdiyi və hücuma hazırlaşdığı barədə Ermənistandan, eləcə də qondarma “dqr” rejimindən təşviş dolu bəyanatların ardı-arası kəsilmir. Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun canlı qüvvəsinin və texnikasının “intensiv cəmləşməsi” barədə videogörüntülərin yayılmasının ardınca Dağlıq Qarabağ “prezidentinin” administrasiya rəhbər David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Azərbaycanın 2016-cı ilin aprelindən bəri təmas xəttində ən irimiqyaslı cəmləşmə həyata keçirdiyini deyib.

D.Babayan deyir ki, aprel ayından başlayaraq Azərbaycan ordusu təmas xəttində cəmləşmə həyata keçirir, Azərbaycan ərazisinin dərinliklərində dislokasiya olunmuş hərbi birləşmələr cəbhə xəttinə yaxın yerləşdirilib və indiyə qədər geri çəkilməyib. Onun bildirdiyinə görə cəmləşmə əsasən Ağdam və Füzuli istiqamətində həyata keçirilir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə iyunun 14-də Yerevanda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın təmas xəttində hərbi texnika və canlı qüvvə cəmləşdirməsi hətta Minsk Qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda davam edib. Bu da ciddi narahatlıq doğurur.

Azərbaycan Müdafiə Nazirliyi günlərdir erməni tərəfinin qaldırdığı bu hay-küyü şərh etmir və düz edir. Axı Azərbaycan ordusunun bölmələrinin ölkə əraziləri boyu hər hansı yerdəyişməsi, bölmələrin hansısa gündəlik təlim-məşq toplantıları üçün kazarmalarını tərk etməsi belə Ermənistanda qorxu yaradırsa bunu şərh etməyə, hansısa izahat verməyə nə lüzum? Azərbaycan ərazilərini işğal altında saxlayanlar daim qorxmaqda, təşviş keçirməkdə haqlıdır və hansısa izahat verib onları sakitləşdirməyə ehtiyac yoxdur.

Digər tərəfdən hərb elminə az-çox bələd olanlar bilir ki, hücuma hazırlaşan tərəf ermənilərin kvadrakopterlə çəkib yaydıqları görüntülərdə olduğu formada, yəni günün günorta çağı, heç bir maskalanma aparmadan və nümayişkarənə şəkildə cəmləşmə həyata keçirmir. Amma erməni tərəfi Azərbaycan ordusunun bölmələrinin təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk edib poliqonlara hərəkətini çəkib yaymaqla guya ayıq-sayıqlığını nümayiş etdirir.

Hansı ki, indi kvadrakopterlərlə 10-15 km. dərinlikdə çəkilişlər aparıb bunu yaymaqla heç kimi təəcübləndirmək mümkün deyil. Azərbaycan ordusunun pilotsuz kəşfiyyat təyyarələri düşmən nəzarəti altında olan bütün əraziləri az qala online izləmək imkanındadır, amma Bakı erməni qüvvələrinin məsələn, Qubadlıdan Füzuli istiqamətində hərəkətinə dair hansısa görüntüləri yayıb bundan təbliğat məqsədi ilə istifadə etmir.

Erməni tərəfinə isə bu hədsiz gərəklidir. Çünki Ermənistanın ardınca Dağlıq Qarabağdakı hərbi-polis rejimi də ciddi laxlayıb, çökmək üzrədir. Xankəndində yerli xüsusi xidmət əməkdaşlarının özbaşınalıqlarına etiraz olaraq başlayan etirazlar güc strukturlarının və “hökumətin” rəhbərliyinin istefasına gətirib çıxardı. Amma etirazlar dayanmayıb. Ermənilər keçmiş xüsusi xidmət agenti Bako Saakyanın rejiminin tamamilə istefa verməsini tələb edirlər. Hansı ki, Saakyanın 2020-ci il “seçkilərində” namizədliyini irəli sürməyəcəyi haqda bəyanatı da etirazçıları sakitləşdirməyib. İyunun 13-də müxalif “Milli dirçəliş” partiyasının Xankəndinin mərkəzində mitinq keçirməsinə icazə verilməsə də etirazçılar parklardan birinə yığışıb Saakyanın istefasını tələb ediblər.

Belə vəziyyətdə Azərbaycan qoşunlarının təmas xəttində cəmləşdirilməsi barədə hay-küy Qarabağdakı hərbi-polis rejimi üçün az qala yeganə xilas yolu kimi görünür. Ermənistanda da etirazlar başlayanda Serj Sərkisyanın komandası eyni taktikadan istifadə etdi, amma işə yaramadı.

Qatı ermənipərəst rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə deyir ki, Azərbaycan son hərəkətləri ilə (yəni Naxçıvanda mövqelərin irəli çəkilməsi, Qarabağda qoşun cəmləşdirilməsi, yeni raketlərin nümayişi və s.) Ermənistana təzyiq göstərmək istəyir. Onun fikrincə güc aləti ilə təzyq hələ başlanğıcdır və Nikol Paşinyanın hökumətinin sınağa çəkilməsidir.

“Əgər erməni tərəfi bunlara ciddi reaksiya verməsə 2016-cı ilin aprel hərbi əməliyyatlarının təkrarı mümkündür”-Yevseyev “Rusarminfo”ya deyir.

Ermənipərəst ekspertin fikrincə hadisələrin iki mümkün inkişaf ssenarisi var. Birinci ssenariyə əsasən Ermənistan Dağlıq Qarabağın ətrafındakı bufer zonasını (ətraf rayonları) özü qaytarır. İkinci ssenariyə əsasən Azərbaycan hərbi əməliyyatlara başlayır.

Ermənistanda bu cür təşvişin, narahatlığın hökm sürdüyü bir vaxtda Minsk Qrupu həmsədrləri Yeerevanda keçirdikləri görüşlərin nəticəsi barədə bəyanatla çıxış ediblər. Diplomatların bu səfəri Ermənistanın yeni rəhbərliyi ilə tanışlıq və onların danışıqların davamına nə dərəcədə sadiq olduğunu aydınlaşdırmaq məqsədi daşıyırdı. Hansı ki, baş nazir Paşinyan bir neçə dəfə populist bəyanatlar verərək Ermənistanın Dağlıq Qarabağın adından danışıqlar aparmayacağını, “dqr”in danışıqlar masasına qayıtmalı olduğunu demişdi. Bu da elə Ermənistanın özündə də Paşinyanın opponentləri tərəfindən danışıqlardan faktiki imtina kimi dəyərləndirilmişdi.

İndi isəhəmsədrlər bəyan edir ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanla Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Və “çox tezliklə” xarici işlər nazirlərinin görüşünün baş tutacağı gözlənilir.
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook