Konstitusiyaya qarşı gedən deputat – Hacı Salayev

02 oktyabr 2018
Konstitusiyaya qarşı gedən deputat – Hacı SalayevBu yazıda Milli Məclisin “biznesmen deputatlar”ından olan Hacı Salayevdən və onun fəaliyyətindən bəhs olunacaq. Məlumat üçün deyək ki, Hacı Salayev Milli Məclisdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir. İkinci çağırışdır Azərbaycan Parlamentinin üzvüdür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Bir çoxları üçün Milli Məclis deputat toxunulmazlığı olmaqdan başqa bir şey deyil. Məhz toxunulmazlıq statusu ala bilmək üçün bir çoxları parlamentə can atırlar.
Biznesmenlikdən parlamentə
Deputat olana qədər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək yüksəlib. Ehtiyyatda olan polkovnikdir. Deputatın həyatı ilə bağlı cumhuriyyet.azın əldə etdiyi məlumata görə, ehtiyyata buraxıldıqdan sonra “TRUST” mühafizə şirkətinin Baş direktoru, İdarə Heyətinin sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləyib.
Millət vəkilinin tərcümeyi-halından da göründüyü kimi, o deputatlıq fəaliyyətinə qədər “TRUST” mühafizə şirkətinə rəhbərlik edib. Deputat olandan sonra rəsmi olaraq bu şirkətlə yollarını ayırsa da, faktiki olaraq bu müəssisəyə rəhbərlik edir. Vaxtının əsas hissəsini də Milli Məclisdə onun üçün ayrılmış xidməti otaqda deyil, bu şirkətin ofisində keçirir. Şirkətin idarə olunmasına birbaşa özü rəhbərlik edir.
Qeyd edək ki, Hacı Salayevin adı passiv deputatlar siyahısında “iri hərflərlə” keçir. Onun indiyə qədər bircə dəfə olsun Milli Məclisin sessiya və plenar iclaslarında çıxışı olmayıb. Mətbuata qapalı millət vəkillərindən olan H.Salayevin eyni zamanda ABŞ-ın fəxri vətəndaşı olduğu deyilir. Mətbuatın yazdığına görə, H.Salayev “TRUST” mühafizə şirkəti ilə yanaşı digər şirkətlərə də rəhbərlik edir. Bu sırada Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”i, tikinti məhsullarının istehsal və satışını həyata keçirən tikinti şirkətinin adı çəkilir. Deputatın sahib olduğu “TRUST” mühafizə şirkətində iki mindən artıq işçi çalışır. Sonda qeyd edək ki, Hacı Salayev yəhudi əsilli milyarder Telman İsmayılovla qudadır. Belə ki, deputatın oğlu milyarderin qızı il ailə qurub. Bu qohumluqdan sonra deputatın daha da varlandığı iddia olunur
Adı olub, özü olmayan deputatlar sırasında
Konstitusiyaya qarşı gedən deputat – Hacı SalayevBelələrini nə seçicilərinin problemləri, nə ölkənin problemləri, nə də qanunverici orqanda xalqın və dövlətin mənafelərinin qoruyucusuna çevrilən qanunların qəbulu maraqlandırmır. Bu tipli deputatları əsasən özlərinin və bizneslərinin problemləri maraqlandırır və buna görə də deputat olmaq, toxunulmazlıq statusu almaq üçün hər şeyi edirlər. Seçicilərini aldadıb mandat aldıqdan sonra isə onları parlament belə maraqlandırmır və parlamentin iclaslarına ildə bir ya da iki dəfə qatılmaqla üzərilərinə düşən vəzifəni bitmiş hesab edirlər. Amma buna baxmayaraq həmin deputatlar statuslarının onlara verdiyi bütün üstünlüklərdən artıqlaması ilə yararlanırlar.
Çox təəssüflə qeyd etməliyik ki, belə deputatlar yenidən Milli Məclisdə üstünlük təşkil etməyə can atırlar və belə görünür ki, belə də olacaq. Çünki bir sıra dairələrdən gələn məlumatlarda parlamentin «tanınmamış simaları»nın yenidən aktivləşdiyi göstərilir. Belə dairələrdən biri də 44 saylı Sumqayıt-Abşeron seçki dairəsidir. Belə ki, bu dairədən olan seçiciləri Miili Məclisdə təmsil edən Hacı Salayevin yenidən müxtəlif yollarla seçicilərə müxtəlif vədlərünvanladığı bildirilir. Halbuki həmin dairədən olan seçictlər 5 il müddətində deputatlarının nə üzünü görüb, nə də sorağını eşidib qəribədir ki, Hacı Salayev 5 il müddətində parlamentdə belə görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib. Qeyd edək ki, bir müddət əvvəl parlament jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onlar demək olar ki, Hacı Salayevə Milli Məclisdə rast olmayıblar. Aradan ötən müddətdə də vəziyyət heç də dəyişməyib. Yəni 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən seçicilərin parlamentə sonuncu dəfə nə zaman ayaq basdığını xatırlayan yoxdur. Bu halda sual olunur, Hacı Salayev əgər parlamentin iclaslarında belə iştirk etmirsə, (müzakirələrdə iştiak etməkdən söhbət belə getmir), o zaman nəyə görə deputat olmağa çalışır? Axı keçmiş MTN zabitiolan Hacı Salayev özünün böyük biznes sahələrini idarə etməyə güclə vaxt tapır, bəzən isə heç ona da vaxtı olmur. Ona görə də bir sıra biznes sahələrini müxtəlif adamlara tapşıraraq, «nə edirsizsə edin, ziyan etməyin», deyir və həmin işdərlə demək olar ki, maraqlanmır.
Konstitusiyanı necə pozub?
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur.
Bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də bu yazımızın qəhrəmanı – 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyini irəli sürən Hacı Baba oğlu Salayevdir. MM-in təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan deputatın biznes maraqları barədə mətbuat səhifələrində dəfələrlə məlumat verilib. Qeyd edək ki, Milli Məclisdə akkreditasiyadan keçmiş jurnalistlər arasında aparılmış sorğuda Hacı Salayevlə bağlı maraqlı məqam ortaya çıxıb. Sorğuda iştirak edən parlament jurnalistlərinin böyük hissəsi belə bir deputatın adını eşitdiklərini, amma üzünü görmədiklərini vurğulayıblar. Hacı Salayev az danışan və az görünən deputat kimi xarakterizə edilir. Biz isə bu gün sizə deputatın biznesi və övladlarının yaşadığı bahalı həyat tərzi barədə bir sıra faktları açıqlayacağıq.
Biznes imperiyasından örnəklər
Etibarlı mənbələrdən cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara əsasən, deputatın biznesinin özəyini Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan «Lake Palace Hotel»i təşkil edir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hoteldə qiymətlər dodaq uçuqladır. Bu səbəbdən obyektə daha çox xarici turistlər və yerli elitanın nümayəndələri gəlirlər: «Hoteldə göstərilən xidmətlərin maliyyə qarşılığı çox yüksəkdir. Obyektin həyətində yaradılan süni göl müştərilərin marağına səbəb olur. Burda müxtəlif tədbirlər, bəzən isə şadlıq mərasimləri də təşkil edilir». Bu barədə azgenc.az saytında xəbər verilir. Məlumatda həmçinin qeyd edilir ki, «Lake Palace Hoteli»nin tikilməsinə, daxili dekorasiyasının və dizaynın hazırlanmasına milyonlar sərf edilib.
Araşdırmalar nəticəsində məlum oldu ki, millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də «Trust» Mühafizə şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. «Trust»un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında «Pepsi-coca cola» şirkəti də var.
Deputatın şirkəti oğurluq qalmaqalında
Qeyd edək ki, 2013-cü ilin sentyabrında « “Trust” Mühafizə Şirkətinin əməkdaşları “Pepsi-cola” şirkətindən strateji məhsul oğurlamaları və işə MTN-in qarışdığı, həbslərin aparıldığı barədə mediada məlumat yaymışdı. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, şirkətin əməkdaşları böyük miqdarda «marqans» kimi tanınan Kalium permanqanat adlanan maddə oğurlayıblar. Həmin maddədən «Pepsi coca cola» və digər sərinləşdirici maddələrin istehsalında istifadə edildiyi qeyd olunur. Xəbərdə o da qeyd olunub ki, şirkətdən oğurluq faktının üstü açılandan sonra əvvəlcə bu məsələni öz aralarında həll etmək istəyiblər. Şirkət ilə «Trust» arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığından iş hüquq-mühafizə orqanlarının səlahiyyətinə verilib. Bundan sonra «Trust»da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb. Hətta məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları Hacı Salayevin özü ilə də qeyri-rəsmi söhbət aparıldığı iddia olunurdu. Məlumatlara əsasən, oğurluq faktının üstü açılandan sonra «Trust»un bütün mühafizə sistemi alt-üst edilib, şirkətin mərkəzi ofisində axtarış aparılıb. Hacı Salayev hüquq-mühafizə orqanlarının ehtiyatda olan polkovnik-leytenantı olduğundan yaranmış problemi yoluna qoymağı bacarıb.
Telman İsmayılovla qohumluq və oğlanlarının bahalı macəraları
Onu da bildirək ki, H.Salayev bir il öncə öncə tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub. Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanovla ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişləndiyi və deputatın obyektlərinin sayını artırmağa başladığı bildirilir. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır.
Bu istiqamətdə cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda diqqət çəkən məsələlərdən biri də millət vəkilinin övladlarının yaşadığı bahalı həyat tərzi ilə bağlıdır. Deputatın kiçik oğlu Turqut Salayev ölkənin nüfuzlu universitetlərindən birində təhsil alır. Atasının ərköyün övladı avtomobil həvəskarı olduğu üçün tez-tez maşın dəyişir. «Auto.az» saytında Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü açıq şəkildə göstərilib. Şəkillərdən gördüyünüz kimi, deputatın oğlu eyni nömrəni həm «Range Rover», həm də «Mercedes CL63?ə, 90-DD-010 nömrəsini isə qara rəngli «BMW X6”ya vuraraq paytaxt küçələrində meydan sulayır. Bildiyimiz qədərilə eyni nömrənin bir neçə avtomobilə vurulması qadağandır. Amma Turqut Salayev deputat oğlu olduğuna görə ona «yaşıl işıq» yandırılır. Bu gəncin tələbə ola-ola qiyməti baha olan maşınları hansı pullarla alması maraq doğuran məsələlərdəndir. Turqut Salayev sürdüyü maşınlarla yanaşı, yaşayış tərzinə və geyiminə də xüsusi diqqət yetirir.
Deputat oğlunun «facebook» sosial şəbəkəsində paylaşdığı şəkillərdə xarici ölkələrdə istirahət etdiyi, krallara layiq kef çəkdiyi aşkar şəkildə görünür. O həmçinin brend geyim dükanlarından paltarlar geyinir, bahalı qol saatları vurur və növbənöv ətirlərdən istifadə edir. Buna bir sözümüz yoxdur. Ancaq millət vəkilinin övladının hansı pullarla bahalı avtomobillər idarə etməsi, xaricdə əyləncəli anlar keçirməsinin maliyyə qaynağını araşdırıb tapmaq lazımdır. Hacı Salayevə səs verib onu deputat seçən seçicilər müxtəlif problemlərin əlində aciz qaldığı bir vaxtda, millət vəkili özünün və ailə üzvlərinin rahat yaşayışını təmin edir. Bu nə dərəcədə doğrudur?..
Parlament üzvünün digər oğlu Kənan Salayev isə «GoldenPey» ASC-nin Müşahidə Şurasının üzvüdür. O da qardaşı kimi qiyməti baha olan maşınları və kübar həyatı xoşladığı bildirilir.

QEYD. Biz təbii ki, bir iş adamı kimi Hacı Salayevin iş prinsiplərinə qarışa bilmərik. Amma Hacı Salayevin parlamentdə fəaliyyəti ictimai məsələ olduğundan, parlamentdə təmsil olunan şəxslərin ancaq özlərinin toxunulmazlıq imunitetinə sahib olmaları üçün Milli Məclisdə kürsü məşğul etmələrinə qarşıyıq. Bu həmçinin 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən olan seçicilərindən maraqları daxilindədir. Çünki seçicilər bütünhallarda başqa keyfiyyətə sahib olan və doğurdan ölkənin siyasi-ictimai həyatında aktiv iştirak edən deputatları haqq edirlər.
Xəbəriniz olsun

22.10.2018 - "Bank of Baku" qırmızı zolaqda: son 9 ayın nəticələrindən çıxan nəticə...

22.10.2018 - Qardaşların dövləti cinayəti və AQTA-nın şantajı Təhməzlini bitirir

22.10.2018 - Əflatun Amaşov:”Həmişə seçicilərimin yanındayam”

22.10.2018 - Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

22.10.2018 - Benzin ucuzlaşacaqmı? - Ekspertdən 5 suala cavab

22.10.2018 - Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı - Sensasion fakt

22.10.2018 - Ziya Məmmədovun 35 minə aldığı taksilər “su qiyməti”nə satılır - QİYMƏT

20.10.2018 - Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub-FOTO

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

Facebook