Adil Əliyevin müəmmalı keçmişi: Çexiyada ermənilərlə alqı-satqı, zəbt edilən torpaq, qoçu dəstələri və...

08 yanvar 2019
Adil Əliyevin müəmmalı keçmişi: Çexiyada ermənilərlə alqı-satqı, zəbt edilən torpaq, qoçu dəstələri və...Son günlər millət vəkili Adil Əliyevlə bağlı inanılmaz iddialar mətbuatın başlıca müzakirə mövzularındandır. Qeyd edək ki, millət vəkilinə qarşı ard-arda çox ciddi ittihamlar səsləndirilib, Adil Əliyev qarşı tərəf kimi ittihamlarla bağlı mövqeyini bildirsə də görünən odur ki, onun dedikləri ictimai rəyi tam olaraq qane etməyib. Əslində Adil Əliyevin cavablarını bir qədər yarımçıq da adlandırmaq olar. O ya birmənalı olaraq haqqında yazılanları “şər-böhtan” adlandırır, yaxud da Çexiya biznesi mövzusunda olduğu kimi dolaşıq açıqlamlarla yadda qalıb.

Sənədlərlə ortaya qoyulan məlumatlarda iddia edilir ki, Adil Əliyev və ortaqları 2001-ci ildə Çexiyada öz biznesini qurmaq üçün bu ölkədəki yerli şirkətlərdən birini satın almaq qərarına gəlir. Danışıqlar o zaman Karlovı Varının Krale Jiriho küçəsi 31 ünvanında yerləşən , “Hasval” s.r.o. (hasval çox ehtimal ki, ermənicə sözdür) şirkətinin sahibləri ilə aparılır. Çexiya Ədliyyə Nazirliyindən 25229966 saylı lisenziya ilə 8 dekabr 1998-ci ildə qeydiyyatdan keçmiş şirkətin sahibləri isə… ikisi etnik mənsubiyyət baxımından erməni olmaqla 4 Rusiya vətəndaşı olub.

l) Valter B a g d a s s a r ya n (1961-cu il təvəllüdlü, daimi yaşayış ünvanı; Moskva şəhəri, Keramiçeskiy proyezd 55/1/120)
2) Asmik T o v m a s s y a n (1964-cü il təvəllüdlü, qeydiyyat ünvanı; Moskva, Keramiçeskiy proyezd 55/1/120)
3) Serguei M o s s i i t c h o u k (1969-cu il təvəllüdlü, ünvanı: Moskva, Çertanovskays
29/2/104)
4) Mikhail Ermolaev (1971-ci il təvəllüdlü, Frjazino, Prospekt mira 6/264, Rusiya).
Şirkət satış, brokerlik və turizm sahəsində fəaliyyət göstərib. Baqdasaryan və Tovmassyan hər biri 40 faiz, digərləri isə hər biri 10 faiz olmaqla paya sahib olublar.

Sənədlər onun vaxtilə Çexiyada biznesinin olduğunu, 2016-ci ildə biznesini qardaşının ailəsinə devretdiyini göstərir. Düzdür, Çexiyada biznesə başlayanda o deputat deyildi, amma polis orqanlarında heç də kiçik vəzifə də tutmurdu. Həmin ərəfədə o, Kikboksinq Federasiyası prezidentliyinə yenicə seçilmişdi.

2001-ci ilin iyununda Adil Əliyev, qardaşı oğlu Ruslan Əliyev və digər kompanyonu Rusiya Federasiyası Dzerjinsk şəhəri, 1-ci mikrorayon 35/91 ünvanında qeydiyyatda olan 26 may 1971-ci il təvəllüdlü Olqa Krassovskaya “Hasval” şirkətinin sahibləri ilə razılaşma əldə edirlər. Yeni kompanyonlar adından Olga Krassovskaya şirkətin sahibləri ilə 8 iyunda alqı-satqı müqaviləsinin bağlanması, notarial proseslərin aparılması üçün Rusiya paytaxtındakı Melniçenko E.O. notarial kontorunda (lisenziya nömrəsi 977) bir araya gələrək, Karlovı Varıdan gələn vəkil Roman Şlexteyə etibarnamə verirlər. Bundan 4 gün sonra, yəni iyunun 12-də şirkətin yeni təsisçilərə devredilməsi barədə notarial müqavilə imzalanır. Avqustun 21-də şirkət yeni ünvan göstərilməklə reyestr xidmətinə yenidən qeydiyyata təqdim olunur. Sənəddə göstərilir ki, “Hasval” bundan sonra West End Center adlandırılacaq.

Sentyabrın 6-da isə Adil Əliyev və qardaşı oğlu Ruslan Əliyev Baqdasaryan və şəriklərindən notarial müqavilə ilə satın alınan şirkətdə pay bölgülərinin müəyyənləşdirilməsi, eləcə də müvafiq sənədləşmənin aparılması üçün Moskvada vəkil Şlexteyə etibarnamə verirlər.

26 sentyabrda şirkət Ədliyyə Nazirliyində yenidın qeydiyyata alınır və Olqa Krassovskaya 50%, Adil və Ruslan Əliyevlər isə hər biri 25 faiz paya sahib olurlar. Şirkətin yeni ünvanı Karlovy Vary, Zahradní čp. 616/1 olaraq göstərilir. Onun idarə olunması isə Çexiyada yaşayan 11 nogabr 1971-ci il təvəllüdlü azərbaycanlı Fəxrəddin Mirzoyevə həvalə olunur.

2004-cü il yanvarın 8-də şirkətin yeni kompanyonlar tərəfindən alınması prosesi tam başa çatır, keçmiş sahiblərinə bu müddətdə 298 min ABŞ dolları ödənilir, əvvəlki təsisçilər qarşısında heç bir öhdəlik qalmır. Vəsait hissə-hissə ödənilir;

13 iyun 2001-ci ildə 58 min dollar (o zamankı kursla 2.181.902 çex kronu);
14 iyun 2001-ci ildə 180 min dollar (yəni 6.771.420 kron);
31 sentyabr 2001-ci ildə 35 min dollar (1.316.665 kron);
6 fevral 2002-ci il tarixdə 25 min dollar (875.900 kron).
Ödəmə ilə bağlı 8 yanvar 2004-cü il tarixli notarial sənəddə Ruslan Əliyevin imzası olsa da, aydın məsələdir ki, bu ödəmə digər təsisçilərin iradəsindən kənar olmayıb.

2004-cü il yanvarın 4-də Olqa Krassovskaya şirkətdən ayrılır, şirkət bütünlüklə Adil və Ruslan Əliyevlərə aid olur (Ruslan Əliyev 75 faiz, Adil Əliyev 25 faiz). Həmin il martın 30-da şirkətdə yenidən pay bölgüsü aparılır və Adil və Ruslan Əliyevlər hər biri 50 faizlik paya sahib olurlar. 2005-ci ildə Adil Əliyev deputat mandatı alsa da, biznes fəaliyyətinə davam edir.

2005-ci ildə şirkətə Karlovı Varı sakini Roman Stanov şirkətə müdir təyin olunur. 2010-cu ildə Ruslan Əliyev özünün 50 faizlik payını Yunan Kiprinə aid Ara Holding Limited şirkətinə satır. 2011-ci ilin maliyyə hesabatına görə şirkətin mal varlığı 17 milyon, 2015-ci ildə isə 20 milyon krona yaxın olur (o zamankı kursla 1 milyon dollar civarında). Şirkətin əmlakı evlər, inşaat sahəsi və torpaq sahələri təşkil edir. 15 iyul 2012-ci ildə Adil Əliyev öz hissələrinj Aybəniz Əliyevanın adına keçirir. 2016-cı iıin aprelinə qədər Aybəniz Əliyeva şirkəti Ara Holdinqlə şərik idarə edir. 2016-cı ilin aprelin 7-də Adil Əliyevin qardaşı Allahverdi Əliyev və onun həyat yoldaşı Tamara Əliyeva şirkətdə pay sahibi olurlar. Eyni zamanda Ara Holding ortaqlığı tərk edir, bu şirkətə aid hissələr yenidən Ruslan Əliyevə keçir.
Skandal mövzu olduğu üçün deputat Adil Əliyevin özü ilə əlaqə saxlayıb sənədləri özünə də göndərdim və onun tərəfindən də mövzuya bir aydınlıq gətirilməsini istədim. Sağ olsun, cavablandırdı. Yəqin ki, araşdırmaşı jurnalist Cavanşir Həsənlinin təqdim etdiyi yuxarıdakı araşdırma ilə bağlı bəzi suallara adı çəkilən jurnalistin kiçik müsahibə janrında təqdim etdiyi sual-cavabda özünüz də cavab tapa biləcəksiniz.

– Hər vaxtınız xeyir, Adil müəllim. Göndərdiyim sənədlərlə bağlı fikrinizi bilmək maraqlı olardı. Təşəkkür edirəm
– Salam, buyurun, nəyi bilmək istəyirsiniz? Bu sənədlər 2001- ci ildə olubdu. Millət vəkilliyindən öncə.. mətbuatda bu barədə məlumat gedib. Hal hazırda, orda mənimlə bsğlı, heç bir bağlantı yoxdu..
Bu sənədləri də Avropada, internet vasitəsilə, rahat əldə etmək olar. Diqqətiniz üçün təşəkkür edirəm.
– Amma təkzib edirdiniz. Sənədlərə görə şirkət ermənilər tərəfindən təsis olunub, siz onu almısınız, əvvəlki sahiblərinə bunun üçün 298 min dollar ödənilib.
– Müəllim, o vaxt da demişəm, indi də deyirəm, şirkət adi şirkətdi, qardaşım oğluna məxsusdu. Onun da 298 yox, ondan artığı da var..)
Mənə heç bir aidiyyatı yoxdur.
– Axı siz o zaman şərik almısınız və şirkətini aldığınız şəxslərdən ikisi – Bagdasaryan və Tovmassian milliyyətcə erməni olan Rusiya vətəndaşlarıdır.
– Müəllim, şirkətə ortaq olmayıblar, orda olan 4 mənzildən ikisi başqa adamların adınadır. Şirkətin adına 4 mənzil olub, ikisini Ruslan Əliyev alıb, birini özünə, birini də əmisinə. Orda mənzili erməni də ola bilər, gürcü də.

– Adil bəy, sənədlərdə söhbət mənzillərdən yox, şirkətdən gedir…
– Müəllim, bu qədər əziyyət çəkib, sənəd çıxartmısan, axıra qədər axtarsan görərsən ki, şirkətin başqa işi yoxdur, adına evlər olub.. Bunu da həmkarınız gedib Çexiyaya, Karlovı Varıya, çəkib, milləti də məlumatlandırıb. Üstəlik dövlət qurumlarına da məlumat verib. Həmkarınız Tural Sadıqlı. Youtubda çoxdur.

– Ok, təşəkkür edirəm
– Buyurun!

***

Millət vəkilinə növbəti ittiham isə onun vətəndaşın torpağını zorla əlindən alaraq özünə obyekt inşa etməsi ilə bağlıdır. Olayın mahiyyəti ilə tanışlıq baxımından torpağı zəbt olunduğu iddia olunan vətəndaş Xəzəngül Məmmədovanın nümayəndəsi Ələmşah Şükürovun Adil Əliyevin bu məsələyə dair fikirlərinə cavabını təqdim edirik:

“Adil Əliyev “Dələduz şaykası” biz deyilik! “Dələduz şaykası” bizim yerimizi zəbt edib tikən və ona havadarlıq edənlərdir. Mən sadə vətəndaşam, o vətəndaş ki, seçki vaxtı bizim qarşımızda min vədlərlə çıxış edirsən və bizi aldadırsan. Adil Əliyev, yazıq biz yox, 50 obyekti olub onunla kifayətlənməyən, sadə vətəndaşın torpağını min bir üsulla ələ keçirib orada obyekt tikməkdən gözü doymayan millət vəkilidir. Bu sənsən. Bizi məhkəməyə verin, biz elə onu istəyirik. Bu məhkəmə saxta yollarla təsir etdiyiniz məhkəmə olmayacaq. Bunu unutmayın, məhkəmədə kim sevinəcək, onu da görəcəyik. Bizi hədələmək lazım deyil. Siz məhkəmələri bax belə hədələrlə, şərlərlə “udmusunuz”. Həddini aşan da biz deyilik. Sizsiniz. 5 ildir ki, biz gözləyirik ki, siz gəlib etdiyiniz hərəkətin qarşılığında bizimlə görüşəsiniz. Bəs siz özünüzü kim hesab edirsiniz? Özünüz də tez-tez Allahın adını çəkirsiniz. Allah qabaqcadan danışan insanı sevmir. Məhkəmədə kim kimi süründürər onu da Allah bilər. Adil Əliyev, sizin Bakı şəhərinin müxtəlif rayonlarında çoxlu sayda obyektləriniz var. Bunu bütün insanlar bilir. Lakin yadınıza salıram ki, Azərbaycan Respublikası Konstitutsiyasının 89-cu maddəsinə əsasən Milli Məclisinin deputatı kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Bu hal sizin mandatınızı itirməyə səbəb ola bilər. Nəyiniz var özünüzə qismət, bizim sizin obyektlərinizdə gözümüz yoxdur. Bizim də torpağımızda sizin gözünüz olmasın”.

Rubrika.az xatırladır ki, bundan öncə isə ölkə mətbuatı Adil Əliyevin kriminal keçmişindən yazıb. Mediada yer alan digər bir iddiaya görə bir il öncə “Lotu Quli” Türkiyədə olan vaxt onunla görüşə gedənlərdən biri də deputat Adil Əliyev olub. Bir sözlə, oğruya gözaydınlığı verməyə gedən A.Əliyev çox güman ki, deputat olduğunu və deputat olmağından əvvəl bu şəxs polis mundirində dövlətimizin keşiyində durduğunu unudub. Olsun, “Lotu Quli” ilə bizim həmkarlarımız da görüşüb, amma onları başa düşmək olar, çünki jurnalist informasiya axtarır,əldə edir, istehsal edir. Ancaq deputatın oğru ilə görüşdən nə “istehsal” etməsi təbii ki, onu yaxşı tanımayanlara təəcüblü gələ bilər.

Buradan isə belə qənaətə gəlmək olur ki, Adil Əliyevin kriminal keçmişi olması haqda ölkə mətbuatında yazılanlar yenə də öz təsdiqini tapır. Onun kriminal keçmişindən vaxtı ilə ÖLKƏ mətbuatı yazsa da sonradan bu haqda olan həmin yazı saytlardan çıxarılıb. Ancaq yazı saytlardan çıxarılanacan 365info.az saytı həmin yazını öz səhifəsində yerləşdirməyə macal tapıb. Həmin yazının bir hissəsini olaraq oxucularla bölüşmək istəyirik: “Azərbaycanın qaranlıq keçmişi olan məmur və deputatlarının saiyahısına nəzər salsaq, ilk öncə onların içərisində ən sürətli sıçrayışla özünü irəli atmış Adil Əliyevi görə bilərik. Gənc yaşda hər kəsə belə sürətlə uğur qazanmaq qismət olmur. A.Əliyevin qaranlıq keçmişinə nəzər salaq.Özünün yazdırdığı tərcüməyi-halındakı gurultulu uğurlar isə, yalnız kriminal keçmişinə pərdə salmaq cəhdlərindən başqa bir şey deyil.

Gəlin başdan başlayaq. 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuş A.Əliyev sovet dövründə Bakıda orta idman məktəbini bitirib. İdmançı kimi də özünü təsdiq edə bilməyən, fiziki cəhətdən zəifliyi ilə həmyaşıdlarından seçilən Adil Əliyev hərbi xidmətini SSRİ hərbi dəniz qüvvələrində keçib. Bir müddət donanmada qalan Əliyev daha sonra Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra Azərbaycana qayıdıb. Yeni yaradılan Azərbaycan ordusunun hərbi dəniz qüvvələrində zabit kimi “düzələn” A.Əliyevin ulduzu 1994-cü ildən sonra parlamağa başlayıb. Qardaşı Məhərrəm Əliyevin Bakı şəhər baş polis idarəsinə rəis təyin edilməsi ilə A.Əliyev donanmadakı xidmətini atıb polis orqanlarında ştatdankənar fəaliyyətə başlayır. Başına yığdığı idmançılardan ibarət qoçu dəstəsi ilə o dövrlər şəhərdə terror əsdirən Adil Əliyevin dəfələrlə kriminal “razborkaların” iştirakçısı olduğu həmin vaxtları yaxşı xatırlayanlara məlumdur. Əsasən şəhərin mərkəzi rayonlarında öz kriminal fəaliyyətini davam edən Əliyev neft oğurluğu ilə məşğul olub. Sonralar Adil Əliyev “dəstəsi” ilə yeni formalaşmaqda olan orta biznesin üzərinə çökür. Bakının bağ massivlərindən birində “özəl həbsxana” təşkil edən Adil Əliyevin xərac üstündə onlarla biznesmeni və iş adamını bu “özəl həbsxanasında” döyərək işgəncə verdiyi, polisdəki əlaqələri, habelə qardaşının adından istifadə edərək bütün işləri bağladığı da çoxlarına məlumdur.

Deputata yaxın olan mənbə məlumat verir ki, həmin illərdə A.Əliyevin ən böyük arzusu cinayət aləmində nüfuz sahibinə çevrilmək və “oğru” adı almaq olub. Amma “avtoritetlərin” birmənalı şəkildə onu qəbul etməməsi Əliyevi bərk məyus edib. Daha sonra kriminal hərəkətlərini polis mundiri ilə maskalayan A.Əliyev qoçu dəstəsini də polis orqanlarına yeritməyə müəssər olur. Kriminal dünya ilə polis fəaliyyətini sintez edən Adil Əliyev artıq istədiyi adamı tuta, döyə, pulunu, malını əlindən ala bilərdi.

1994-cü ildən Səbail rayon polis idarəsinin 39-cu polis bölməsində rəis müavini kimi işə başlayan dəstə başçısı A.Əliyev qoçu rəis müavininin hazırkı biznesinin başlanğıc kapitalını məhz bu vaxtlar topladığı bildirilir. A.Əliyevin şəxsən iştirakı ilə uğurlu biznesmenlər şərlənərək tutulur, daha sonra birbaşa 39-cu bölmədə linc edilərək varı-yoxu, hətta evləri belə əllərindən alınaraq küçəyə buraxılırdılar. Əlacsız qalan, yuxarı instansiyalara şikayət etməkdən qorxan onlarla belə insanın məcburiyyət qarşısında qalaraq ölkəni tərk etdiyi haqda həmin şəxslərin özlərinin təsdiqlədiyi faktlar var.

Artıq şəhərin mərkəzi rayonunda quldur-polis imici qazanmış A.Əliyev cinayətlərinin üstünün gec-tez açılacağını anlayaraq qardaşının köməyi ilə Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi keçir. Qanunsuz əməllərini burada da özünəməxsus tərzdə həyata keçirməsi qısa müddət ərzində Bakı-Krasnovodsk, Bakı-Şevçenko marşrutu ilə üzən bərələrin boş qalmasına gətirib çıxarır. Bərənin xidmətindən istifadə edən biznesmenlər “Adil Əliyev faizi” ucbatından öz mallarını daha təhlükəli olan Çeçenistan marşurutu ilə aparıb-gətirməyə başlayırlar.

Məlumatlara görə, A.Əliyevin dəstəsi dəniz vağzalında dəfələrlə xərac verməkdən imtina edən şəxsləri vəhşicəsinə döyüblər. Bərələrin boş qaldığını, gəlirin ciddi şəkildə azaldığını görən Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun işə qarışması ilə A.Əliyevi və onun 39-cu bölmədən Bərə polisinə gətirdiyi bandit dəstəsi buradan da uzaqlaşdırılırlar.

Daha sonra o Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi təyin edilir. Bir neçə il də burada cinayətkar fəaliyyətini polis mundiri altında davam etdirən A.Əliyev daha sonra başının dəstəsi ilə birlikdə Yasamal polisinə göndərilir. 2003-cü ildə Nərimanov polis idarəsinin 16-cı bölməsinin rəisi təyin edilən A.Əliyev burada da öz “dəsti-xətti” ilə yaddaşlarda qalır. 2005-ci ildə artıq adının kriminal söhbətlərdə tez-tez çəkildiyini nəzərə alaraq A.Əliyev polis orqanları ilə vidalaşır.

10 ildən çox müddətdə polis mundiri ilə qanunsuz yollarla qazandığı milyonlarla pulu biznesin müxtəlif sahələrinə yatıraraq burada leqallaşdırır. Biznesini qorumaq və düşmənlərindən də qorunmaq üçün siyasi fəaliyyətə başlayan Əliyev 2005-ci ildə Milli Məclisə deputat seçilir”.

Sonda Rubrika.az olaraq bildiririk ki, təqdim etdiyimiz məlumatlar ayrı-ayrı vaxtlarda ölkə mətbuatında millət vəkili Adil Əliyevlə bağlı yazılanlardır. Odur ki, yazılanlarla bağlı hörmətli millət vəkilimizin mövqeyini də dərc etməyə hazır olduğumuzu bəyan edirik.

Arif
Rubrika.az
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook