Saatlı icra başçısının döydüyü vətəndaş: "Başıma çirk yığılır"

09 yanvar 2015
Saatlı icra başçısının döydüyü vətəndaş: "Başıma çirk yığılır""Başçının vurduğu yumruğun zərərini hələ də çəkməkdəyəm. Başıma çirk yığılır, vaxtaşırı Bakıya gəlirəm, həkimlər çirki təmizləyirlər. Yumruqdan sonra burun çəpərimdə yaranmış zədə də mənə əziyyət verir...”

Saatlı şəhəri, Babək küçəsi, ev 113-də yaşayan Şamil Allahyarov rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarovdan şikayət edir.

Şikayətçi deyir ki, bir parça torpağa görə bələdiyyəyə, icra hakimiyyətinə ağız açıb, amma "yox” cavabı alıb. Mərhum prezident Heydər Əliyevin vaxtilə imzaladığı bir sərəncamı qarşı tərəfə - məmurlara xatırladanda isə şillə-təpik, yumruq zərbələrinə məruz qalıb. Özü də elə şəxsən icra başçısı tərəfindən...

Başçının otağında sınıq əşyalardan "kolleksiya”?

"İki il əvvəl oğlum üçün ünvanlı sosial yardım ayrılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı şöbəsinə müraciət elədim. Bəhanə gətirdilər ki, torpağı, evi yoxdur deyə ona sosial yardım düşmür. Necə olur axı?! Birinə deyirlər evin, torpağın var, yardım düşmür. O birinə deyirlər, evin, torpağın yoxdur, yardım düşmür... Adamları ələ salırlar. Hər yerə şikayət elədim, başçıya da... Xeyri olmadı.

Başçının yanına ikinci dəfə torpaq məsələsinə görə yolum düşmüşdü. Bələdiyyə sədrinə dəfələrlə müraciət etsəm də bizə ev tikmək üçün torpaq ayırmırdı. Mən də başçının yanına getdim. Zəng vurub Saatlının bələdiyyə sədri Pünhan Pənahovu dəvət etdi. İkisi də məni inandırmağa çalışırdı ki, havayı torpaq yoxdur.

Mən də mərhum prezidentimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamı yadlarına saldım. Həmin sərəncama görə, dövlət tərəfindən ilk dəfə verilən torpaq pulsuzdur. Onlar dedi, mən dedim, başçı söyüş söydü. Mən onu mədəniyyətə dəvət edəndə üstümə cumdu. Bələdiyyə sədri qollarımı tutdu, başçı məni yumruqlamağa başladı.

Sonra da telefona cumdu, polis rəisinə zəng vurub polis göndərməyi tapşırdı. Heç 10 dəqiqə keçmədi, azı on nəfər polis gəldi otağa, əl-qolumu burub maşına mindirib polis şöbəsinə apardılar” - deyə Şamil Allahyarov bildirir.

Şikayətçinin sözlərinə görə, polis şöbəsində bir saata yaxın saxlanılaraq buraxılıb: "Gördülər mənimlə bağlı başçıdan səs-səmir gəlmir. Özləri başçıya zəng vurdular. Soruşdular ki, bununla nə edək. Başçı da dedi, buraxın çıxıb getsin. Onlar da şöbədən azad etdilər”.

Şamil Allahyarov deyir ki, başçının hərəkətlərindən prezidentə, baş prokurora, Daxili İşlər Nazirliyinə şikayət məktubları yazıb. Ancaq sonradan başa düşüb ki, məktublar ünvana yetişmir. Çünki...: "Başçı öz köməkçisini Saatlının poçt şöbəsinə nəzarətçi qoyub. Rayondan gedən şikayətlərin qarşısı elə poçt şöbəsindəcə alınır. Məndən məktubu qəbul edirlər, rüsumu alıb qəbzimi də verirlər. Ancaq məktub Bakıya yox, başçının stolunun üstünə gedir. Başçı da məni çağırıb hədələyirdi ki, məndən şikayət yazsan, səni həbsxanalıq edəcəm.

Onu da deyim ki, başçı iş otağında sınıq stul, sınıq telefon və başqa əşyalar saxlayır. Vətəndaşın davranışı xoşuna gəlməyəndə polis çağırır, həmin sınıq əşyaları aktlaşdırır ki, guya vətəndaş başçını təhqir edib və otaqdakı əşyaları sındırıb”.

Şamil Allahyarovun sözlərinə görə, məktublarının ünvana çatmadığından xəbər tutandan sonra Saatlının poçt rəisinin əməllərindən Rabitə Nazirliyinə şikayət yazıb və Sabirabad poçt şöbəsindən yollayıb: "Təəssüf ki, nazirlikdən ürəkaçan cavab almadım. Yazıb göndərdilər ki, guya araşdırma aparıblar və Saatlı poçt şöbəsinin fəaliyyəti ilə bağlı məktubda göstərdiklərim təsdiqini tapmayıb”.

Bundan sonra Şamil Allahyarov başçının ona qarşı qanunsuz hərəkətlərindən yazdığı məktubları da Bakıya Sabirabad poçt şöbəsindən yollamağa başlayıb: "Prezidentə, baş prokurora, daxili işlər nazirinə, milli təhlükəsizlik nazirinə... - hamıya yazmışam. Cavabsa yoxdur”.

Şamil Allahyarov icra başçısından aldığı yumruq zərbələrinə görə tez-tez Bakıya gələrək müalicə aldığını deyir: "Gəlirəm, burda xəstəxanalarda həkimlər başımdan çirki çəkirlər. Burun çəpərimdə yaranmış zədə də mənə əziyyət verir. Özüm II qrup əliləm. İki dəfə böyrək əməliyyatı keçirmişəm. Bir dəfə də ağır avtomobil qəzasına düşmüşəm. Ailədə 8 nəfərik. Sovet vaxtı kolxozun tikinti idarəsində 30 il sürücü işləmişəm. İşsizlik, səfalət nədir bilməmişik. Yoldaşım çoxuşaqlı ana kimi 200, mənsə II qrup əlil kimi 160 manat təqaüd alıram. 360 manatla 8 nəfərlik ailə necə dolansın? İndi rayonda təkcə tikintilərdə iş var. Oralara da başçı öz işsiz-gücsüz qohum-əqrəbalarını yollayır işləməyə. Səsini çıxaranı da mənim vəziyyətimə salır. Bakıda xəstəxanada müalicə alanda rayonun Prezident Administrasiyasındakı kuratoru ilə danışdım. Dedim axı bu nə adamdır gətirib camaatın canına salıblar. Uşaq bilmir, qoca bilmir, qadın bilmir, kimi qamarladı basır təpiyinin altına. İş istəyəni, torpaq istəyəni polislə hədələyir. Aparır 10-15 sutka həbs verdirir”.

Şikayətçinin deməsinə görə, icra başçısı pоlisə, prоkurоrа, icrа məmurlаrınа, kənd rаyоn məhkəməsinə və ekspertlərə istədiyi vaxt təzyiq edə bilir.

Ş.Allahyarov icra başçısı tərəfindən bir neçə ay əvvəl döyüldüyünü desə də bunu niyə indi ictimailəşdirmək qərarına gəlməsinə də aydınlıq gətirdi: "Səbəb o idi ki, bu məsələnin müvafiq qurumların xətti ilə həll olunacağına ümid edirdim. Amma görəndə ki şikayətlərimin nəticəsi yoxdur, onda mətbuata üz tutmaqdan başqa yolum qalmadı”.

Mollavazlıların baş bəlası olan başçı

Şamil Allahyarov rаyоnun Mоllаvаzlı kənd sаkini, II qrup əlil Ayaz Mirzəliyеvin və elə həmin kəndin digər sakini Elyas Həsənovun başına gələnlərdən də danışır: "Ayaz Mirzəliyev qаz çəkilişi ilə bаğlı illərlə yazdığı ərizə və məktublara yerli məmurlardan müsbət cavab ala bilmədiyinə görə cənаb prеzidеntə müraciət yazmışdı. Buna görə başçı onu аiləsinin gözü qarşısında döyüb təhqir etdi. Həmin kənddə yaşayan Elyas Həsənоvu isə 20 sutkalıq həbsə atdırdı. Səbəb də o idi ki, Еlyаs işsizlikdən şikayətlənmişdi. Rayondakı işsizlik problemindən prezidentə yazmışdı.

Mollavazlının kənd icra nümayəndəsi də gəlib Elyası aldadıb evdən aparmışdı ki, guya başçı onunla görüşüb ona iş təklifləri etmək istəyir. İcra hakimiyyətinə çatanda isə hər şey əksinə oldu. Başçı Elyası prezidentə şikayət yazdığına görə söyüb, döyüb polis şöbəsinə apartdırmışdı. Elyası şərləyib 20 sutka həbs kəsdilər. Elyasın 2 azyaşlı uşağı 20 gün evdə ac qaldı, məktəbə gedə bilmədilər. Aclıqdan uşaqların vəziyyəti pisləşmişdi. Hətta üstlərinə təcili yardım da gəlmişdi”.

Saatlı sakini kömək istəyir. O, hökumət rəhbərliyini Saatlının icra başçısının adamlara qarşı hərəkətlərinin qarşısını almağa çağırır.

Qeyd edək ki, bundan əvvəl Saatlının başqa sakini Amaliya Əliyeva virtualaz.org saytına bildirmişdi ki, ötən ilin sentyabrında icra başçısının özbaşına hərəkətlərindən ölkə başçısına şikayət məktubu yazıb. Məktub elə rayon poçt şöbəsindəcə "müsadirə olunaraq” icra başçısına ötürülüb. Sentyabrın 13-də evə hücum edən polislər onun həyat yoldaşı Vahid Əliyevi icra hakimiyyətinə aparıblar. Orada başçı tərəfindən döyülüb, sonra isə başçının əmri ilə ona 15 sutka həbs cəzası verilib.

Səslənən bu ittihamlara münasibət öyrənmək üçün Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevlə əlaqə saxlamağa dəfələrlə cəhd göstərsək də o, telefon zənglərimizə cavab vermədi.

Saatlı Rayon İcra Hakimiyyətindəki başqa mənbə isə bildirdi ki, Şamil Allahyarov icra başçısından ölkə rəhbərliyinə və Baş Prokurorluğa şikayət yazdığına görə məhkəməyə verilib. İcra başçısı S.Cabbarov Ş.Allahyarovun məhkəmə tərəfindən cəzalandırılmasını istəyir.

Məhkəməyə verildiyini Şamil Allahyarov özü də təsdiqlədi. Bildirdi ki, indiyədək 4 dəfə məhkəməyə çağırılsa da iddiaçı tərəf gəlmədiyindən məhkəmə iclasları baş tutmayıb.(virtualaz.org)
Xəbəriniz olsun

18.12.2018 - Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT

18.12.2018 - “AZƏRBAYCANIN NİYYƏTİNİ BAŞA DÜŞƏ BİLMİRƏM…” – General Stepanyan

18.12.2018 - “Nar” mətbuat nümayəndələrini bir araya topladı

16.12.2018 - Mübariz haqda status yazan psixoloqdan açıqlama – “Tanış bir erməni xanım var…”

16.12.2018 - Bakıda ailə dramı: Əmisi arvadı ilə 10 il eşq macərası yaşadı, qatilə çevrildi

16.12.2018 - Salome Zurabişvili and içdi, mühüm mesajlar verdi: "Əsas hədəfimizə heç nə mane ola bilməz”

16.12.2018 - Lukaşenko: “Paşinyana dedim ki, bəs niyə dilini bir yerinə gizlətmişdin?”

16.12.2018 - Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

15.12.2018 - Deputat sərxoş olub restoranda dava saldı, mühafizə işə qarışıb

14.12.2018 - SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb - FOTO

14.12.2018 - Maksim Medvedev: "Bu təxribata görə kimsə cavabdeh olacaq və cəzasını çəkəcək"

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

Facebook