Rektora cinayət işi açıqlacaq? - Ədalət Muradovun başı dərddə...

24 aprel 2019
Rektora cinayət işi açıqlacaq? - Ədalət Muradovun başı dərddə...Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun qanunsuz yolla əldə edilmiş dosent, doktorluq və professor diplomları sənəd saxtalaşdırma və ya saxta sənədlərdən istifadə cinayətinin predmeti deyilmi?

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun qanunsuz yolla əldə etdiyi professor və doktorluq, eləcə də dosent diplomları barədə hələ 2017-ci ildə universitetin tanınmış alimlərindən olan iqtisad elmləri namizədi, dosent Aslan Məmmədov Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyevə, eləcə də Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya rəsmi qaydada müraciətlər göndərib.

Bundan əlavə, “Təzadlar” qəzeti redaksiyası da daxil olan sənədlərin əsasında rektor Ədalət Muradova əvvəlcə rəsmi sorğu göndərmişdir, lakin rektor informasiya sorğusuna sayğısızlıq etdiyindən həmin sənəd və sübutlar tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilmişdir...

Baş Prokurorluq niyə rektorun barəsində araşdırmaya başlamır, mane olan nədir?

Xatırladırıq ki, “Təzadlar” qəzeti redaksiyası daxil olmuş məlumat və şikayət əsasında jurnalist araşdırması aparmış, nəticədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun professor və doktorluq diplomlarını qanusuz əsaslarla əldə etməsini müəyyən etmişdir. Araşdırılıb tədbir görülməsi üçün həmin maddi sübutlar və sənədlər 2018-ci ilin martında Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Valeh Ələkbərovun (sonralar isə eyni cavabı idarənin rəisi yazmışdır) 04.07.2018-ci il tarixli №-18-0090-01-01-045915 saylı cavab məktubundan görünür ki, həmin sənədlər Prezident yanında AAK-a göndərilmişdir. Yəni, Ədalət Muradova bu qanunsuz sənədləri vermiş qurumun rəhbəri Vəli Hüseynova.

Gülməlidir, deyilmi?! Necə ola bilər ki, qanunsuzluğa yol vermiş qurumun rəhbəri özünə qarşı qanuni cəza tədbiri görsün!

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 aprel 2019-cu il tarixdə ölkəmizdə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini əhatələyən Fərman imzalamışdır. Fərmanın giriş hissəsində oxuyuruq: “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.

Güman edirik ki, Baş Prokurorluğun Müraciətlərə baxılması İdarəsi rəhbərliyinin tutduğu bu mövqe, yəni qanunsuzluğa yol vermiş məmurdan daxil olmuş şikayəti tədbir görülməsi üçün həmin məmurun özünə göndərilməsi ənənəsinə də son qoyulmalıdır. Hansı ki, məlum şikayət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dərhal icraata qəbul edilməli və araşdırmalara başlanılmalı idi.

Güman edirik ki, indiki həssas bir məqamda bu məsələ daha aktualdır və Baş Prokurorluq məsələni ciddi şəkildə araşdırmaqda maraqlı olmalıdır. Və Professor və doktorluq diplomu şübhəli olan, bu sənədləri qanunsuz yolla əldə etmiş rektorun isə Azərbaycan Dövlət İqtisad Universiteti kimi böyük bir ali təhsil ocağına rəhbərlik etməyə ən azı mənəvi haqqı yoxdur. Redaksiya bu istiqamətdə araşdırmalarını və aidiyyəti yuxarı dövlət orqanlarının məsələyə müdaxiləsinin təmin olunması üçün rəsmi müraciətlərini davam etdirəcək. Axı necə ola bilər ki, uşaq pulu almaq üçün saxta arayış əldə etmiş sadə və kasıb birinə və bu saxta arayışı verənə dərhal cinayət işi başlanır, amma bu boyda vacib dövləti sənədi əldə etmiş, ondan ən yüksək səlahiyyətlər üçün istifadə etmiş şəxsin əməlinə isə susurlar?

O ki qaldı cinayət işinin başlanılması üçün əsaslara, Azərbaycan CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də kütləvi informasiya vasitəsinin məlumatları əsas sayılır. Qanunun 46-cı maddəsində yazılır: “Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri 46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. 46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”.

Qanunsuz sənədlərə malik olması azmış kimi, rektor Ədalət Muradov hələ bir bu barədə araşdırma apardığına görə “Təzadlar” qəzetini və jurnalistlərimizi susdurmaq üçün Azərbaycan Mətbuat Şurasından vasitə kimi istifadə etməyə cəhdlər göstərir. Bu isə nəinki KİV sahəsində beynəlxalq standartların, eləcə də “KİV haqqında” ölkə qanunvericilik aktlarının tələblərinin kobud surətdə pozulmasıdır...

Bəs universitetin tanınmış alimlərinin şikayəti niyə gizli saxlanılır və araşdırılmır?

Xatırladırıq ki, ADİU-nun dosenti, iqtisad elmləri namizədi Aslan Məmmədovun (eləcə də professor, Əməkdar Elm xadim Alıcan Abbasovun) qəzetimizə verdiyi müsahibələrindən və redaksiyaya, həmçinin Azərbaycan Mətbuat Şurasına göndərdiyi rəsmi məktub və sənədlərindən məlum olurdu ki, rektor Ədalət Muradovun barəsində əldə edilmiş sənədlər bir müddət əvvəl ölkə rəhbərliyinə göndərilib, amma...

Aslan Məmmədovla eksklüziv müsahibədən sitat: “- Aslan müəllim, eşitdiyimizə görə, Siz rektor Ədalət Muradovun qanunsuz yolla əldə etdiyi doktorluq və professor diplomları ilə əlaqədar yuxarı instansiyalara, hətta Prezidentə belə müraciət etmisiniz. Bu doğrudurmu?
- Mən Sizin bu barədə yazdıqlarınızı sonralar bildim. Amma mən sizdən xeyli əvvəldən Prezident İlham Əliyevə də, Mehriban xanım Əliyevaya da bu barədə yazmışam və rəsmi sənədlər göndərmişəm. Həmin məktubların surətlərini və aldığım cavabları sizə göndərirəm. Maraqlıdır ki, mənim bu müraciətlərim Prezident yanında AAK-ın müvəqqqəti sədri olan Vəli Hüseynova, o da həmin məktubları tədbir görülməsi üçün Ədalət Muradova göndərmişdir. Gülməli də olsa... Ədalət Muradovun da mənə yazdığı cavabını tapıb sizə göndərəcəyəm.

- Həmin cavab məktubunda nə yazılırdı?

- Mən yazmışdım ki, məsələn, atı arabanın arxasına yox, qabağına qoşmaq lazımdır, yəni əvvəlcə elmlər doktoru olmaq lazımdır ki, sonra sənə professor diplomu verilməli idi. Amma Ədalət Muradova əksinə, əvvəlcə professor diplomu verilib, sonra isə ona doktorluq diplomu təqdim ediblər. Halbuki əksinə olmalıdır, əsasnamə belə tələb edir. Həm də yazmışdım ki, o, elmlər doktoru dərəcəsini nostrifikasiya etməmiş və professor olmamış necə olur ki, AAK-da iqtisadiyyat üzrə ekspert şurasının sədr müavini olmuşdur? Onlar mənə yalandan cavab yazmışdılar ki, bu şərtlər 1994-cü ilədək müdafiə edənlərə aid deyildir və o vaxtlar nostrifikasiya tələb olunmurdu. Mən yazdım ki, axı Ədalət Muradov 1998-ci ildə müdafiə edib və üstündən 16 il keçəndən sonra- 2014-cü ildə həmin doktorluğu tanıtmışdır... Qanunun tələblərinə görə müdafiədən sonra 10 il ərzində həmin doktorluq dissertasiyası tanıdılmırsa, bir daha yenidən müdafiə olunmalıdır. Lakin Ədalət Muradov bunu etməmişdir. Mən prezdentə bu barədə 2017-ci ilin noyabr-dekabr aylarında yazmışdım. Yazmışdım ki, Azərbaycanda doktorluq və professorluq diplomunu əldə etmək üçün ən azı 4-5 il vaxt lazım gəlir. Yəni, bu 4-5 il ərzində iddiaçı məqalə, monoqrafiya, hansısa kitab və ya dərslik proqramı yazmalıdır ki, həmin diplomları əldə edə bilsin. Lakin Ədalət Muradovda isə bunların heç biri olmamışdır, bəs onda bu diplomları necə əldə etmişdir?

- Sizin şikayətlərə bəs AAK-ın sədr əvəzi Vəli Hüseynov o vaxtı nə cavab vermişdir?
- Maraqlıdır ki, mən Ədalət Muradovun doktorluq diplomundan yazıb cəzalandırılmasını tələb edirdim ki, gələcəkdə belə nümunələr təkrarlanmasın, Vəli Hüseynov isə məni guya aldadırmış kimi, cavab yazır ki, Siz doktorluq müdafiə etmək istəyirsiniz, ona görə də çalışdığınız universitetə mürasiət edin... İnsan özünü nə qədər axmaq yerinə qoymalıdır ki, qarşısındakını da fərqli təsəvvür etsin. Axı mən doktorluq, professorluq iddiasında olmamışam və belə bir məktubum da, müraciətim də olmamışdır. Bu nə axmaq cavablamadır? Axırda mən məcbur olub Mehriban xanıma yazdım ki, bu saxtakarların öhdəsindən gəlin, bunlar kimi aldadır? Və nəhayət, yazdım ki, hörmətli Mehriban xanım, Siz bu Vəli Hüseynovu başa salın ki, xalqın əsəbləri ilə oynamasın... Siz də hamısını düz yazmısınız. Ədalət Muradov rektor təyin olunanda tərcümeyi-halında yazmışdı ki, guya bir monoqrafiyanın və bir dərsliyin müəllifidir, hətta namizədlik və doktorluq dissertasiyalarının da adını yazmışdı. Mən bütün beynəlxalq və yerli şəbəkələrdə bu dissertasiyaları dəqiqliklə araşdırıb axtardım. Araşdıranda gördüm ki, Ədalət Muradovun nə doktorluğunun, nə də namizədliyinin avtoreferatı heç bir yerdə yoxdur. Sonra onun dərsliyini və monoqrafiyasını axtardım. Onu da heç yanda tapmadım...”.

“...Ədalət Muradov özü zəhmət çəkib müdafiə etməyib. O, əziyyət çəkib diplom almayıb, əyri yollarla alıb. Ona görə də, belə adamlar əsl alimləri yaxına buraxmır...”

Bu sözlər isə ADİU-nun professoru, iqtisad elmləri doktoru, Əməkdar Elm xadimi Alıcan Abbasova məxsusdur. Əməkdaşımızın “Universitetdə baş verənlərlə bağlı rektorla görüşüb bunları ona söyləmisinizmi?”, -sualına cavabında Professor bildirir ki, o, rektor Ədalət Muradovla görüşüb və hər şeyi ona söyləyib.

Sitat: “...Dedim, Ədalət müəllim, sən gəl, ətrafına savadlı elmlər doktorlarını, professorları yığ, o savadsızları uzaqlaşdır, bir gün onlar sənin axırına çıxacaqlar. Gəl, birləşib universitetin nüfuzunu qaldıraq... Və Ədalət rektor gələn kimi dedim, bu Daməti burdan uzaqlaşdır. Damət də, duzdür, gəldi xırda bir işin üstündə “ilişdi”... O da ona görə məcbur olub onu işdən qovdu. “Təzadlar” qəzetindən Ədalət Muradova sorğu verin ki, yaxşı, Damət Bağırov sənin əsas pulyığanın idi, axı niyə onu işdən çıxartdın? Soruşun da... Yuxarılar da bunu bilir. Burda nə var ki... Bu Ədalət özü zəhmət çəkib müdafiə etməyib. O, əziyyət çəkib diplom almayıb, əyri yollarla alıb. Ona görə də, belə adamlar əsl alimləri yaxına buraxmır. İnanın, bu belədir...”.

Bəs Baş Prokurorluqda bu ittihama sözləri nədir? Ədalət Muradov tanınmış alimi necə xəstə salıb?

İqtisad elmləri namizədi, dosent Aslan Məmmədov isə rektorun qanunsuz hərəkətlərindən strest keçirib və ağır xəstəlik tapıb. A.Məmmədovun “Təzadlar”a göndərdiyi şikayət ərizəsindən sitat: “... Rektor Ədalət Muradovun bu hərəkətlərini özümə təhqir bilərək, belə bir mühitdə işləməyin mümkünsüzlüyünü nəzərə alaraq 2017-ci ilin sentyabr ayında öz ərizəmlə işdən çıxdım. Mənə edilən hörmətsizlik və haqsızlığa görə keçirdiyim stres səbəbindən 2018-ci ilin fevaral ayının əvvəllərində ciddi surətdə xəstələndim və 2 həftə 5 saylı şəhər Xəstəxanasında stasionar müalicə aldım. Cənab Ə.Muradov və onun yaxınlarının təzyiqlərinə, şər-böhtanlarına dözməyərək xəstələnən başqa əməkdaşlar da vardır...Prezident yanında AAK-ın rəsmi saytında cənab Ədalət Muradovun “Elmi dərəcələrin və elmi adların verilməsi haqqında” “Əsasnamə”nin 41-ci və 42-ci maddələrinin tələblərinə zidd olaraq elmi dərəcə və elmi ad aldığına rast gəldikdə bu haqda, həmçinin onun Universitetdə yol verdiyi haqsızlıqlar və özbaşınalıqlar haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə (surəti ADİU-nun rektoru cənab Ə.Muradova və AAK-ın sədr əvəzi cənab V.Hüseynova göndərilməklə) müraciət etdim (müraciətin surəti əlavə olunur). Müraciətdə qeyd olunanlara əlavə olaraq onu da bildirmək istəyirəm ki, xarici ölkələrdə dissertasiya müdafiə etmiş şəxslərin elmi dərcələri ölkəmizdə nostrifikasiya olunduqda onların dissertasiya işi və dissertasiya işinin avtoreferatı mütləq AAK tərəfindən tələb olunur. AAK-n Əsasnaməsinə görə professor elmi adı isə ona (iddiaçıya) onun dərsliyinin, müəyyən sayda məqalələrinin və tədris proqramlarının çap olunması şərti ilə 4 ildən sonra verilə bilər. Görəsən hansı səbəbdən cənab Ə. Muradova münasibətdə bu şərtlərin heç biri yerinə yetirilməmişdir? Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına müraciətimi AAK-ın sədr əvəzi cənab V. Hüseynov (onun cavabı əlavə olunur) və ADİU-nun prorektoru cənab M. Zeynalov cavablandırmışdır. ADİU-nun prorektoru cənab M. Zeynalov müraciətdə qaldırdığım birinci məsələyə dair bildirirdi ki, 1994-ci ilə kimi xarici ölkələrdə alınmış elmi dərəcələrin ölkəmizdə nostrifikasiya olunması tələb olunmur. Cənab Ə. Muradovun 1994-cü ildən sonra aldığı elmlər doktoru diplomunun hansı səbəbdən nostrifikasiya olunmamasının üstündən isə sükutla keçmişdir. Bundan başqa, hörmətli Mehriban xanım Əliyeva birinci-vitse Prezident təyin edildikdən və təhsil sahəsi onun kurasiyasına keçdikdən sonra AAK-ın sədr əvəzi cənab V. Hüseynovun cənab Ə.Muradova AAK Əsasnaməsinə zidd olaraq əvvəlcə professor elmi adının, sonra elmlər doktoru alimlik dərəcəsi almasına ağlabatan bir aydınlıq gətirmədiyi üçün Mehriban xanıma müraciət etdim (müraciətlərin surəti əlavə olunur). AAK-ın sədr əvəzi Mehriban xanıma etdiyim bütün müraciətlərə eyni məzmunlu cavablar verdiyindən ona müraciət etməyin mənasız olduğunu düşünərək bir daha bu məsələyə qayıtmamağı qərara aldım. Necə deyərlər mən müraciət etməkdən yoruldum, cənab V.Hüseynov eyni məzmunlu cavabları yazmaqdan yorulmadı. Cənab Ə. Muradov rektor təyin edildikdən sonra İnternetdə yerləşdirdiyi tərcümeyi-halında bir monoqrafiyasının və bir dərsliyinin olmasını göstərmişdir. Həmin vaxt mən İnternetdə axtarış verdim və cənab Ə.Muradovun nə dissertasiya işinin avtoreferatını, nə də monoqrafiya və dərsiliyini tapa bilmədim. Cənab Ə.Muradovdan xahiş edirəm: həmin monoqrafiyanın və dərsliyin, doktorluq dissertasiya işinin üzqabığı və mündəricatını, həmçinin doktorluq dissertasiya işinin avtoreferatının üzqabığını Universtetin rəsmi saytında yerləşdirsin...”.

Beləliklə, məlum olur ki, rektor Ə.Muradov nəinki qanunsuz əsaslarla əvvəlcə professor, sonra isə doktorluq diplomu almışdır, eləcə də onun rektor təyin edilərkən tərcümeyi-halına daxil etdiyi dissertasiya işinin avtoreferatı, həmçinin monoqrafiya və dərsliyi yoxdur. Bunlar Baş Prokurorluğun araşdırmalara başlaması üçün yetərli deyilmi? Bəlkə bu qanunsuz fəaliyyətə də Prezident İlham Əliyev müdaxilə etməlidir? Axı Prezident ölkədə ciddi hüquqi islahatların başlanıldığını və bu sahədə böyük dəyişikliklərin olacağını bəyan edib...

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu
Xəbəriniz olsun

12.12.2019 - Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə

12.12.2019 - Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ

12.12.2019 - Fəzail Ağamalı xidməti tapançasından danışdı: "BİR GÜLLƏ DƏ ATMADIM..."

12.12.2019 - İlqar Məmmədovun hamıdan gizlətdiyi 20 yaşlı namizəd kimdir?

12.12.2019 - “Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

12.12.2019 - Pensiyalarla bağlı YENİ XƏBƏR - Bu aydan etibarən...

12.12.2019 - “Söhbət Xoşqədəmdən gedirsə, xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

12.12.2019 - Əhməd Əhmədzadə və Əsabil Qasımov öz oğullarını deputat seçdirmək istəyirlər…

12.12.2019 - “Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

12.12.2019 - "Guya Milli Şura seçkidə iştirak etməsə..." - YAP-dan ƏSƏBİ REAKSİYA

12.12.2019 - Polis Lotu Qulinin planını belə pozdu - "Sxodka" baş tutmadı

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - "Heydər Əliyevin xatirəsini ehtiramla yad edirəm" - Mehriban Əliyeva

12.12.2019 - “Mən siyasətdən ayrılmamışdım ki...” – İsa Qəmbər seçkiyə niyə qatıldı?

12.12.2019 - YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı

12.12.2019 - Burda nə var ki? - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri