“Bu il növbədənkənar parlament seçkiləri olacaq” – Deputatlar narahatdır

10 may 2019
“Bu il növbədənkənar parlament seçkiləri olacaq” – Deputatlar narahatdırBaş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Azərbaycanda növbəti parlament seçkilərinin 2020-ci ildə keçiriləcəyini deyib. O qeyd edib ki, bu il yalnız növbəti bələdiyyə seçkiləri baş tutacaq.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə növbədənkənar parlament seçkilərinin bu il reallaşacağını düşünür. Partiya sədri “Yeni Sabah”a danışarkən bildirib ki, nə Əli Əhmədov, nə də YAP-ın digər strukturunda olan şəxslər prezident İlham Əliyevin müstəsna səlahiyyətində olan məsələ haqqında rəy verə bilməzlər:

“Təcrübə göstərir ki, belə məsələlərin qərarı qəbul olunan zaman prezident heç kəslə məsləhətləşmir. Əli Əhmədov bu bəyanatı verməklə parlament üzvlərini sakitləşdirmək istəyir. Çünki parlament üzvləri arasında ciddi narahatlıq var və onlar dəyişiləcəyini bilirlər. Dəyişilmələrinin əlamətlərindən biri bu ilin əvvəlindən onların maaşlarının qaldırılması və digər xərclərinə ayrılan vəsaitin iki dəfə artırılması faktıdır. Hakimiyyət onlara mesaj verir ki, narahat olmayın, təqaüdü yüksək məbləğdə alacaqsınız.

Bildiyiniz kimi deputatlıq fəaliyyətinə xitam verildikdən sonra da həmin şəxs bir il müddətində deputat maaşını alır. Ona görə maaşları qaldırıldı. Və əgər hakimiyyətin üst qatı bu dəyişikliyə getməsə, düşünürəm ki, çox ciddi siyasi dayanıqsızlıq ola bilər. Çünki parlament üzvlərinin əksəriyyəti artıq dırnaqarasında vurulmuş oliqarxiyanın nümayəndələridir. Bu baxımdan hesab edirəm ki, parlament tərkibi dəyişiləcək”.

VİP sədri Əli Əhmədovun verdiyi bəyanatla bağlı misallar da gətirib:

“2013-cü ildə YAP-ın rəhbərliyində olan 3 şəxs bəyanat vermişdi ki, YAP-ın prezident seçkilərində namizədi müəyyənləşəcək və avqust ayının birinci on günlüyündə Ali Məclis keçiriləcək. Cəmiyyət də düşünürdü ki, seçkilərə 3 ay qalmış toplantı keçirilib namizəd müəyyən ediləcək. Amma yadınızdadırsa, 2013-cü ilin iyun ayında Riçard Morninqstarla Əli Əhmədovun görüşündən sonra 10 gün ərzində YAP-ın toplantısı keçirildi və namizəd müəyyən edildi. O məsələyə qədər kifayət qədər yüksək səlahiyyətli şəxslər – Aydın Mirzəzadə, Əli Əhmədovun özü və Siyavuş Novruzov bəyanat vermişdilər ki, toplantı avqust ayının birinci 10 günlüyündə keçiriləcək. Bu məsələnin bir tərəfi.

İkinci örnəyi deyirəm – YAP-ın daxilindəki vəziyyətlə bağlı. Növbədənkənar prezident seçkiləri elan olunan gün – 2018-ci ilin fevral ayında – prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Həmkarlar Konfederasiyasının qurultayında hökumətin təmsilçisi kimi iştirak edirdi. Növbədənkənar prezident seçkilərinin təyin olunması barədə məlumatı Əli Həsənov həmin qurultayda almışdı. Bəyanat verib münasibət bildirmişdi ki, bizim 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı böyük tədbirlərimiz var, ona görə seçkiləri qabağa çəkirik. Prezidentin siyasi məsələlər üzrə köməkçisi belə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə bağlı prezidentin qərarından məlumatsız idi. Misalları gətirməkdə məqsədim ondan ibarətdir ki, parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ilə əlaqəli qərar müstəsna dərəcədə prezidentin səlahiyyətinə aid olan məsələdir.

Əli Əhmədov yalnız siyasi sabitlik yaratmaq üçün bəyanat verib. Təcrübə də göstərir, konstitusion səlahiyyətlər də təsdiq edir ki, bu qərarı prezident verə bilər. Ona görə də Əli Əhmədovun bu məsələdən xəbəri olmaya bilər. Praktika göstərir ki, İlham Əliyev belə qərarlar qəbul edən zaman ətrafı ilə məsləhətləşmir”.
Xəbəriniz olsun

17.06.2019 - Ağstafada bazarda "Kalaşnikov"la qətliam törədildi: 4 ölü, 3 yaralı...

17.06.2019 - Eldar Sabiroğlu oğlundan imtina etdi - FOTO

17.06.2019 - Quran dərsi keçmək adıyla qızı evinə gətirdi və... - BİLƏSUVARDA MOLLA NİYƏ DÖYÜLDÜ?

16.06.2019 - Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü

16.06.2019 - Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu

15.06.2019 - Ələt-Şirvan dəmiryolu xəttində yanğın başlayıb - FOTO - VİDEO

15.06.2019 - Mehriban Əliyevadan Elçibəy ailəsinə jest: yas xərcləri...

15.06.2019 - 2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

15.06.2019 - Usubovun kürəkəninə yüksək vəzifə verildi

15.06.2019 - Ulduzlar iyunun 15-ə nə vəd edir? - FAL

14.06.2019 - Qızının özünü binadan atdığını görən ana da özünü atıb – Şok intiharın təfərrüatı

14.06.2019 - Oqtay Şirəliyev jurnalisti tutdurmaqdan vaz keçdi: İDDİASINI GERİ GÖTÜRDÜ

14.06.2019 - İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Facebook