Neftçilərin ixtisarı başladı - daha yüz nəfərə bildiriş gəldi...

12 yanvar 2015
Neftçilərin ixtisarı başladı - daha yüz nəfərə bildiriş gəldi... Mirvari Qəhrəmanlı: “İxtisarlar davamlı olacaq, il boyu davam edəcək”

Neftin qiymətinin düşməsi “Global Energy Azerbaijan Group” (“GEA”) şirkətinə də təsir edib. Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, şirkətə daxil olan Neftçala Əməliyyat Şirkəti işçilərini məcburi məzuniyyətə göndərir: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yanvarda 100-dən artıq işçi ödənişsiz məzuniyyətə göndərilib. Fevralda da daha bir qrup məcburi məzuniyyətə göndəriləcək”.

Hüquq müdafiəçisi daha çox fəhlələrin ödənişsiz məzuniyyətə göndərilməsindən narahatçılığını bildirib: “Fəhlə məcburi məzuniyyətə göndərilir. Onların aylıq məvacibi 200-250 manat arasındadır. Lakin bu məvaciblə ailələrini dolandırırlar”. Qeyd edək ki, “Global Energy Azerbaijan Group” Azərbaycanda quruda neft hasilatıyla məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda Hasilatın Pay Bölgüsü (PSA) üzrə 5 sazişin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Karasu Operating Company”, “Neftechala Operating Company” və “Shirvan Operating Company”. GEA-nın işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir. Neftçala Əməliyyat Şirkəti isə “Neftçala”, “Xıllı”, “Durovdağ” və “Bazanan”yataqlarında işləyir.

Qeyd edək ki, bir müddət əvvəl daha bir ixtisar xəbəri yayılmışdı. “Bahar” Əməliyyat Şirkəti yanvarın 5-də 83 nəfər işçini işdən azad etmişdi. Bu şirkət 2010-cu ildən bəri hər il 100-dən yuxarı işçini işdən azad edir. “Bundan əziyyət çəkən başqa işçilər də var. Belə ki, iki nəfərin görəcəyi işi bir nəfərə gördürürlər. Əmək haqqı isə eyni qalır,- deyə M.Qəhrəmanlı bildirib.

O, həmçinin qeyd edib ki, “Azəriqaz” işçiləri də hər gün həyəcanla ixtisar bildirişlərini gözləyirlər. “Azərneftyağ” və Neft Emalı Zavodunun idarəetmə aparatında işləyən işçilər də narahatdırlar: “Bu iki zavodun birləşməsi zamanı, işçilərin peşə bilikləri ARDNŞ-nin İnsan Resursları Departamentində yoxlanılacaq və ən çox bal toplayan işçi işlə təmin olunacaq. Bu müsbət haldır. Amma təcrübə göstərir ki bəzən 17 bal toplamış işçi kiminsə qohumu olduğu üçün işlə təmin olunur, 30 bal toplamış işçi isə ixtisara düşür”.

Hüquq müdafiəçisi Musavat.com-a açıqlamasında bildirir ki, ixtisarlar davam edəcək və proses ilin sonunadək davam edə bilər: “Doğrudur, ötən il neçə nəfərin ixtisar olunduğunu demək çətindir. Dövlət Neft Şirkəti bununla bağlı normal açıqlama vermir. 2014-cü illə bağlı məlumatları təxminən 2015-ci ilin oktyabrında açıqlayacaq. İnformasiya sorğusu verəndə də cavablandırmırlar. İxtisar vaxtı isə işçilərin əksəriyyətinə məcburi ərizə yazdırıb işdən çıxarırlar. İxtisarlar elə aparılır ki, rəsmi rəqəmlərdə işdən öz ərizəsi ilə çıxanların sayı ixtisardan daha çox olur. Məsələn, 2011 yanvarında Dövlət Neft Şirkətində 77 min 140 işçi olub. 2012-ci ildə 66 min 234 nəfər, 2013-cü ildə 61 min 86 nəfər işçi olub. 2011-ci ildə 7855 nəfər işdən çıxarılıb, 2012-ci ildə 11 min 556 nəfər, 2013-cü ildə isə 14 min 556 nəfər işdən çıxarılıb. İndi rəsmi məlumatda bildiriləcək ki, çoxu öz ərizəsi ilə işdən çıxıb”.

M.Qəhrəmanlı qeyd edir ki, ixtisarlara baxmayaraq, yeni işçilər də işə götürülür, bu da normal deyil: “2012-ci ildə 3942 nəfər, 2013-cü ildə 9420 nəfər işə qəbul olunub. Paralel olaraq işə qəbul gedir. Dövlət Neft Şirkətində hasilat aşağı düşür. 2012-ci ildən müntəzəm ixtisarlar gedir, bəzi idarə və müəssisələr ləğv olunur, islahatlar aparılır, bununla bərabər, işçi qəbul olunur. Bununla belə, ixtisarlar davamlı olacaq, il boyu davam edəcək”.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook