Rəis müavininə qarşı şok ittiham

29 noyabr 2014
Rəis müavininə qarşı şok ittiham “Məni “KPZ”yə saldırıb vəhşicəsinə döydürdü, buraxılmağım üçün həyat yoldaşıma nalayiq təklif etdi, sonra da 500 manat rüşvət istədi”

Ucar rayon sakini Səbuhi Quliyev rayon polis bölməsi rəisinin müavini Səbuhi İsmayılovdan şikayətçidir. Bildirir ki, rəis müavini xidmət vaxtı içkili olduğu halda onu günahsız yerə polis bölməsinə apararaq orada döyüb. Bu barədə "Bizim Yol"a müraciət edən şikayətçi yazır:
"Axşam idi. Məhəllədə həyat yoldaşımla bir yerdə dayanıb söhbət edirdik, yanımızda isə qohumlarımızdan, qonşularımızdan olanlar da vardı. Bu vaxt bir nəfər məni yanına çağırıb onu tanıdığımı soruşdu. Çox içkili olması hiss olunurdu. Tanımadığımı dedikdə isə dedi ki, o, buranın rəis müavini Səbuhi İsmayılovdur. "Sən kimsən?", "Yanındakı kimdir?" deyə nalayiq sözlər işlətdi və yaxınlıqda dayanan polis maşınında oturan polis əməkdaşlarını çağırıb məni şöbəyə aparmalarını əmr etdi. Təqsirim olmadan məni nəyə görə bölməyə aparmalıdırlar ki?!".

Şikayətçinin sözlərinə görə, şöbəyə götürüldükdən bir az sonra məsələni aydınlaşdırmaq üçün qaynı Mahir Kərimov gəlib: "Bundan sonra hər ikimizi bölmənin dəhlizində polislər döydülər. Bu da azmış kimi hələ "KPZ"-yə də saldılar və o ki var döydülər. Sonra da buraxılmağımız üçün bizdən 500 manat istədi rəis müavini".

Şikayətçi polis rəis müavini ilə sonda 300 manata razılaşdığını bildirir: "Bizi buraxdılar, S.İsmayılov arxamızca öz maşını ilə - Niva Shevrolet 90 AP 455 nişanlı maşını ilə gəldi, evə çatdığımızda pulu məndən götürüb çıxıb getdi".

Şikayətçi məsələ ilə bağlı bir çox müvafiq orqanlara müraciət edib. Lakin buna baxmayaraq, hələ də bir tədbir görülmədiyini deyir: "Daxili İşlər Nazirliyi tərəfindən S.İsmayılova "Xidmətə uyğunsuzluq" maddəsi ilə xəbərdarlıq edilib, lakin cinayət işi ört-basdır edilir. Bizi döyməsi, təhqir etməsi, bizdən pul alıb buraxması bir yana, bizim sərbəst buraxılmağımız üçün həyat yoldaşıma nalayiq təkliflər edib. Sonda isə ona sadəcə bir xəbərdarlıq edilib".

S.Quliyev, həmçinin bildirir ki, məsələ ilə bağlı sahə müvəkkili Mübariz Talıbov onun barəsində həqiqətə uyğun olmayan protokol da yazıb: "Talıbovun yazdığı protokola görə, guya biz məhəllədə səs-küy salmışıq, ona görə də bizi bölməyə götürüblər. Halbuki bütün baş verənlər məhəllədə yerləşən mağazanın mühafizə kamerası tərəfindən lentə alınıb. Həmin görüntüləri isə DİN-in nümayəndəsi Hamlet Hümbətəliyev mağazadan götürüb".

Şikayətçi əlində başqa dəlillərin olduğunu da qeyd edir: "Döyüldükdən sonra vəziyyətimiz ağır olduğundan xəstəxanaya getdik. S.İsmayılovun göstərişi ilə bizi xəstəxanaya da götürmədilər. Lakin vəziyyətimiz çox pis olduğundan əlacsız qalıb evə Təcili Tibbi Yardım xidmətini çağırdıq. Gələn həkim də bizə dedi ki, "Sizə qeydiyyat nömrəsi versəm də, guya kimə şikayət edəcəksiniz? Kim sizə qulaq asacaq? Onsuz bu bir işə yaramayacaq" .

S.Quliyev Təcili Tibbi Yardim xidmətindən gələn həkimlə söhbətlərinin video görüntülərinin olduğunu bildirdi: "Bu kimi bir çox sübutlarımız var, lakin həmin şəxs nazirin qohumu olduğundan cinayəti gizlətmək istəyirlər. Ekspertizadan tələb etmişdim ki, bizi saldıqları "KPZ" yoxlanılsın, həqiqətən bizi döydükləri üzə çıxsın. Lakin hadisədən bir həftə keçmədi ki, həmin yeri sökdülər, təmir etdilər və qarşısını da bağladılar. İlkin mərhələdə aparılan ekspertizanın qərarı mənə göstərilmədi".
Şikayətçi hazırda işin prokurorluğa göndərildiyini əlavə etdi: "Ucar rayon prokurorluğunda işi bağlayan Araz Əkbərov, DİN-dən H.Hümbətəliyev, onlara da bu işdə kömək edən sahə müvəkkili M.Talıbov oldu".

Ucar rayon prokurorluğunun apardığı araşdırmaların nəticəsi olaraq, Qabil Qasımovdan məlumat gəlib ki, bu iş cinayət tərkibli olmadığına görə, rədd edilib. Onu da qeyd edək ki, məsələ ilə bağlı şikayətçinin ölkə başçısına göndərdiyi məktub DİN-ə göndərilib, DİN isə həmin məktubu Ucar Rayon Polis Şöbəsinə göndərib. Ucar rayon polis şöbəsi isə adıçəkilən şəxs, yəni polis rəisinin müavini Səbuhi İsmayılov haqqında intizam tədbirləri görüldüyündən, şikayətin əsassız olduğunu bildirilib.

"Baş verən hadisələrdə onun barəsində yalnız intizam cəzası verilib? Bu necə ola bilər? Mənim həyat yoldaşımı təhqir edib, heç bir təqsirimiz olmadan bizi bölməyə aparıb və orada döyüb, daha sonra bizi buraxmaq üçün pul alıb bizdən. Törətdiyi bu işlərə görə ona yalnız intizam cəzası verilməlidir?" - şikayətçi məsələnin yenidən araşdırılmasını DİN-dən xahiş edir.

Qeyd edək ki, sahə müvəkkili M.Talıbovun yazdığı protokola əsasən S.Quliyev 30 manat cərimələnib. Lakin bu məbləğ ödənilmədiyindən hal-hazırda Ucar Rayon Məhkəməsindən S.İsmayılova onun hal-hazırda 500 manat cərimə ödəməli olduğu bildirilib: "Protokolu da yalandan yazıblar. Şöbədə döyülən mən və qaynım M.Kərimov olduğu halda, protokola görə, guya məhəllədə səs-küy salan biz olmuşuq".

Məsələ ilə bağlı Ucar rayon məhkəməsindən S.Quliyevə məlumat verən Seyfəddin Məmmədovla əlaqə saxladıq. S.Məmmədov belə bir məbləğdə cərimənin olmadığını qeyd etdi: "Səbuhi Quliyev məni tanıyır, mənimlə əlaqə saxlasın, bütün lazımi məlumatı ona təqdim edib, köməklik göstərəcəyik. Bu məsələ ilə bağlı hələ məhkəmədə işə baxılacaq".

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlasaq da, gün ərzində məsələ ilə bağlı heç bir məlumat verilmədi.
Xəbəriniz olsun

15.08.2018 - “Mütəllibov pulları zirzəmidə saxlayırdı” – Araz Əlizadədən manat açıqlaması

15.08.2018 - "Rəis dedi ki, şərait yarat, Fədayə Etibarla görüşsün"- Həbsxana qaçışında yeni faktlar

15.08.2018 - İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15.08.2018 - “Azercell”də gün - gündən yeniləşən maxinasiya və ya qəpiklərin üstündə qurulan səltənət

15.08.2018 - İntihar anonsu verən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

15.08.2018 - Qurban Qurbanov: “Komandamdan razıyam”

14.08.2018 - İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı...

14.08.2018 - Hakimiyyətin media kapitanları arasında savaş başladı: APA agentliyi niyə bağlandı?!

14.08.2018 - Ərdoğandan ABŞ-a BOYKOT HƏMLƏSİ: "Onların “Ayfon”u varsa, bizim də..."

13.08.2018 - "“Qarabağ”ın ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik” - BATE-nin Baş məşqçisi

13.08.2018 - “Nar” müştəri loyallığı indeksinə görə liderdir

13.08.2018 - Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq cavabı

13.08.2018 - Müğənni Manaf Ağayevin intihar fikrindən daşındırdığı əlilə 4 otaqlı ev verildi

Facebook