Xədicə İsmayılı tutduran Zakir Qaralova "tövbə məktubu" yazdı: "Daha şikayətçi deyiləm..."

07 aprel 2015
Xədicə İsmayılı tutduran Zakir Qaralova "tövbə məktubu" yazdı: "Daha şikayətçi deyiləm..."Tural Mustafayevdən sensasion məktub; jurnalistin həbsinə səbəb olan gənc baş prokurora məktubunda nələr yazıb?

Aprelin 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə səbəb olan jurnalist Tural Mustafayev “Yeni Müsavat”ın əməkdaşı ilə əlaqə saxlayıb. Sosial şəbəkədə T. Mustafayevə məxsus olduğu bilinən profil vasitəsilə əməkdaşımızla yazışan T. Mustafayev 7.04.2015 tarixində respublikanın baş prokuroru Zakir Qaralova məktub yazdığını xəbər verib. Məktubun, konvertin surətini sübut üçün əməkdaşımıza yollayan Tural Mustafayev bildirib ki, onun yeganə məqsədi Xədicə İsmayılla bağlı şikayətini geri götürməkdir.

Məktubu nəzərinizə çatdırırıq:

“Cənab baş prokuror Zakir Qaralov. Yazıb sizdən xahiş edirəm ki, 25 noyabr 2014-cü ildə ərizə yazaraq Xədicə İsmayılovadan şikayət etmişdim. İndi mən Xədicə İsmayılova Rövşən qızından şikayətçi deyiləm, səmimi olaraq barışmaq istəyirəm. Şikayətçi olmağım həmin vaxtlar psixoloji durumumda problemlər, keçirdiyim əsəb gərginliyi ilə bağlı olub. Hal-hazırda özümü sağlam hiss edirəm. Ərizəmi özüm, heç bir təsir olmadan yazıram.

Cənab baş prokuror, 26 noyabr 2014-cü ildə, yəni, şikayət ərizəmi yazandan bir gün sonra mənim ölkədən çıxışıma qadağa qoyulub. Xahiş edirəm, mənim ölkədən çıxışıma qoyulan qadağa da götürülsün”.

Tural Mustafayev eyni zamanda əməkdaşımıza bildirib ki, bu məktubdan sonra ona qarşı təzyiq olacağını istisna etmir. Onun yazdığına görə, həbs və ya oğurlama variantlardan biridir. Bu səbəbdən də jurnalist onu nəzarətdə saxlamağımızı, ailə üzvləri ilə əlaqə saxlayıb, durumundan xəbərdar olmağımızı xahiş etdi.

“Yeni Müsavat” isə öz növbəsində bildirir ki, yazışmanı həyata keçirən şəxsin T.Mustafayev olması barədə dəqiq bilgimiz yoxdur. Bu, jurnalistin profilini ələ keçirmiş şəxslər tərəfindən də yazılmış ola bilər. Məktubun sonunda T.Mustafayevin imzasının olması şübhələri azaltsa da, tam əmin olmağımız üçün yetərli deyil. Bütün hallarda bu məktubun izi ilə növbəti günlərdə Respublika Prokurorluğu və vəkillərlə əlaqə saxlayıb, təfərrüatları öyrənməyə çalışacağıq.

Xatırladaq ki, Tural Mustafayev dekabrın 27-i səhər saat 11 radələrində özünün “facebook” səhifəsində Xədicə Ismayıla qarşı ərizəsini geri götürmək istədiyi və bu səbəbdən təcili vəkil axtardığı haqda qeyd paylaşmışdı.

Bundan təxminən yarım saat sonra Tural Mustafayev yenə də öz səhifəsində belə bir qeyd paylaşdı: “Artıq sahə müvəkkili məni axtarır. Atama zəng olunmuşdu. Evdə olduğumu bilirlər. İndilərdə gələrlər”.

Bu qeydindən 5 dəqiqə sonra isə o yazırdı: “Saxlanıldım!!!”

Tural Mustafayev saxlanılmamışdan əvvəl “Meydan TV”yə açıqlama verərək, şikayətini geri götürmək istəyi barədə “facebook”da yazdıqlarını bir daha təsdiqləmişdi: “Xədicə Ismayıla qarşı verdiyim ərizəni geri çəkirəm və barışığa gedirəm. Müstəqil vəkil axtarıram. Ola bilsin, ərizəmi geri götürəndən sonra özümü həbs etsinlər. Həbsim problem deyil. Sadəcə, vaxt tapıb ərizəmi geri götürmək istəyirəm”.

Tural Mustafayev onu da bildirmişdi ki, xaricə getmək istəsə də, onu ölkədən buraxmayıblar. İddasına görə, Qəbələdəki hava limanında onu saxlayaraq, geri qaytarıblar. Tural Mustafayevin sözlərinə görə, noyabrın 26-dan onun ölkədən çıxışına qadağa qoyulubmuş.

Diqqətə çatdıraq ki, dünənki məktub T.Mustafayevin dekabrın 27-dən sonra yazdığı ilk məktubdur. Gənc həmin tarixdən bəri üzə çıxmır, mediaya açıqlama vermirdi. Xatırladaq ki, Xədicə Ismayıl dekabrın 5-də həbs olunub. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçilib. CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə ittiham olunan Xədicə Ismayılova Tural Mustafayevi intihara vadar etməkdə təqsirləndirilir.
Xəbəriniz olsun

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

23.04.2018 - Həbs olunan “Quska” Bakı aeroportunda – FOTO

23.04.2018 - Hüseyn Abdullayevin həbs xəbəri rəsmən təsdiqləndi və hazırda saxlandığı yer açıqlandı

23.04.2018 - "Quska"nı Türkiyədə Daxili İşlər Nazirliyi tutub

22.04.2018 - Abid Şərifovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Facebook