«Azərenerji» ASC ilə bağlı şok hesabat

01 may 2015
«Azərenerji» ASC ilə bağlı şok hesabat Qurumun gəlirlərin kəskin azalıb, borcları artıb
Enerji bahalaşan zamanı verilən vədlər havada qalıb, qurum xarici donorlardan pul istəyir

“Azərenerji” ASC-nin ötən ilk fəaliyyətinin auditi ölkənin elektrik enerjisi operatorunun maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarıb. (Virtualaz.org) “Deloitte” şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib (mənbə: Fineko/abc.az).

Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.
Habelə “Azərenerji”nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb. Nəticədə şirkət 2013-cü ildə 92 milyon 110 min manat əməliyyat gəlirləri əldə etmişdisə, 2014-cü ildə 18 milyon 926 min manata qədər əməliyyat ziyanı edib.

Maliyyə göstəriciləri pisləşsə də “Azərenerji”nin aktivlərinin dəyəri 5 milyard 519 milyon manatdan 5 milyard 580 milyon manata qədər artıb. Ümumi kapital artaraq 2,2 milyard manatdan 2,31 milyard manata çatıb.
«Azərenerji”nin gəlirlərinin bu cür kəskin aşağı düşməsinin səbəbləri məlum deyil. Çünki operatorun istehsal etdiyi elektrik enerjisinin topdansatış və pərakəndə satış qiyməti maya dəyərindən yüksəkdir. Yəni şirkətin ziyanla işləməsi, yaxud gəlirlərinin bu cür kəskin aşağı düşməsi üçün iqtisadi səbəblər yoxdur.
Digər tərəfdən, 2014-cü ildə “Azərenerji”nin fəaliyyətinə mənfi təsir edən ciddi iqtisadi və makroiqtisadi amillər də qeydə alınmayıb. Ümumi iqtisadi vəziyyət stabil olub.

Doğrudur, beynəlxalq reytinq agentlikləri bildirmişdilər ki, “Azərenerji”yə daxilolmalar manatla olduğundan bu ilin fevralında həyata keçirilən devalvasiya prosesi operatorun kredit borclarını qaytarmasında problem yaradacaq. Lakin devalvasiya bu il baş verib. Qeyd olunduğu kimi, 2014-cü ildə “Azərenerji”nin maliyyə göstəricilərinin kəskin pisləşməsinə səbəb ola biləcək iqtisadi amillər qeydə alınmayıb. Deməli, problemin səbəbini “Azərenerji”nin özündə və pis menecmentdə axtarmaq lazım gəlir.

“Azərenerji” həm də ölkənin əsas vergiödəyicilərindən biridir. Buna baxmayaraq uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən biridir. 2014-cü ilin məlumatına görə, “Azərenerji”nin vergi borcu 700 milyon manat təşkil edirdi.

Bu yaxınlaradək, yəni prezident İlham Əliyevin ölkənin elektrik enerjisi təsərrüfatında struktur islahatları həyata keçirərək elektrik enerjisinin pərakəndə satışı funksiyalarını “Azərenerji”dən alıb “Bakelektrikşəbəkə”nin bazasında yaradılan “Azərişıq” ASC-yə verməsinə qədər bu struktur Bakı şəhəri istisna olmaqla ölkənin qalan hissəsində elektrik enerjisinin paylayıcısı idi. Və prezidentin Nazirlər Kabinetinin iclasında bildirdiyi kimi, bu sahədə fəaliyyəti olduqca yarıtmaz olmuşdu. Bölgələrdə əhalinin elektrik enerjisi ilə təminatında ciddi problemlər hökm sürürdü, paylayıcı xətlər, dirəklər bərbad durumda idi. Bəzi dağlıq bölgələrdə elektrik enerjisi hələ də Xruşşovun dövründə basdırılmış taxta dayaqlarla ötürülürdü.

İndi şirkətin ötən ilki fəaliyyətinə dair audit yoxlamasının nəticələrinin açıqlanması növbəti dəfə göstərir ki, “Azərenerji”də ciddi menecment qüsurları mövcuddur. Hərçənd ki, “Azərenerji” ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.

2007-ci ildə elektrik enerjisinin satış qiyməti kəskin şəkildə - 3 dəfə artırılanda məsələ belə qoyulmuşdu ki, ölkənin elektrik enerjisi operatoru nəhayət ziyanla işləməkdən xilas olsun, əməliyyat fəaliyyətindən gəlirlər əldə etsin və bu gəlirləri investisiya qoyuluşlarına yönəltsin. Beləliklə də büdcə böyük yükdən xilas olsun.
Buna baxmayaraq “Azərenerji”nin göstəriciləri yaxşılaşmayıb. Şirkətin elektrik enerjisinin paylanması və satışı funksiyası alınıb “Azərişıq”a veriləndən sonra hökumətdən açıqlandı ki, ölkənin enerji təchizatının yaxşılaşdırılması üçün 1 milyard dollar məbləğində kredit cəlb edilməsi üçün danışıqlar gedir.
Hökumət bu məqsədlə Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankı kimi beynəlxalq təşkilatlardan maliyyə yardımı istəyib. Əsasən 750 milyon dollar məbləğində vəsait AİB-dən istənilib. AİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, “Azərişıq” ASC ilə birgə planlaşdırılan layihə bütün ölkəni əhatə edəcək və üç tranşı nəzərdə tutur. Bunun birincisi enerji təchizatının çox pis olduğu rayonlarda həyata keçiriləcək. Layihənin ümumi dəyəri 1 milyard dollar olacaq ki, bunun da 250 milyon dolları Azərbaycan hökumətinin büdcəsindən ayrılacaq.

Həmçinin Azərbaycan hökuməti Dünya Bankından 250-300 milyon dollar həcmində maliyyə yardımı istəyib. Lakin yekun qərar bir neçə aydan sonra qəbul olunacaq.

Dərhal sual yarandı: elektrik enerjisi maya dəyərindən baha satıldığı halda nəyə görə “Azərenerji”nin balansında ölkənin enerji təchizatını yaxşılaşdırmaq üçün vəsait tapılmayıb? Bir halda ki elektrik enerjisi əhaliyə mayasından az qala 3 dəfə baha satılır, abonentlərdən yığım səviyyəsi 100 faizə yaxındır, o zaman nədən hökumət bu sahəyə hələ də xarici kreditlər cəlb etməkdədir və “Azərenerji”nin normal gəlirlə işləyən müəssisəyə çevrilməsi üçün bütün iqtisadi şərtlər formalaşdırıldığı halda bu qədər borca girmək nəyə lazım idi? Və dibi görünməyən quyu kimi vəsaitlərin bir ucdan axdığı “Azərenerji”də vəziyyəti düzəltmək üçün menecmenti dəyişməyin vaxtı çatmayıbmı?!

Əslində prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında konkret ad çəkməsə də bu sahədə vəziyyəti ciddi tənqid etməsi ondan xəbər verir ki, ölkə rəhbərliyi də “Azərenerji”dəki pis idarəçilikdən xəbərdardır. Və bu çıxış, eləcə də daha əvvəl sistemdə həyata keçirilən struktur islahatı “Azərenerji” rəhbəri Etibar Pirverdiyev üçün ciddi siqnal idi...
Xəbəriniz olsun

25.09.2018 - Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi

25.09.2018 - Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı: "ABŞ onlardan “təcrübə dovşanları” kimi istifadə edir"

25.09.2018 - Bakı Yerevanı "ağır nəticələrlə" hədələdi

25.09.2018 - Ramil Usubovdan YENİ TƏYİNAT

25.09.2018 - İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: - “İstədiyi silahı seçsin...”

25.09.2018 - “Lotu Quli”dən Lənkəranskinin varisinə İSMARIC: “Onu diri-diri yandıracam” (VIDEO)

25.09.2018 - “İnstagram”dakı tanışlıq bir ailənin məhvinə səbəbi oldu

25.09.2018 - “Nar” korporativ müştərilərlə növbəti görüş keçirib

25.09.2018 - PUTİN BU GÜN BAKIYA GƏLİR – Danışıqlarda 3 kritik mövzu

24.09.2018 - Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

Facebook