“Satışda olan qarpızların əksəriyyəti GMO məhsuludur”

23 iyun 2015
“Satışda olan qarpızların əksəriyyəti GMO məhsuludur”Yay mövsümü başlayanda daha çox yeyilən bostan bitkilərindən biri də qarpızdır.

Azərbaycanda qarpızın təbii yetişmə vaxtı avqust ayı olsa da bizə yaxın Orta Asiya ölkələrinin yay iqlimi quraq və isti olduğundan qarpız və yemiş həmin ölkələrdə daha tez yetişir və satışa çıxarılır. Qarpızın kütləvi satışı isə iyunun əvvəllərindən başlayır.

Mütəxəssislər iyunda yeyilən qarpızın insan səhhəti üçün zərərli olduğunu bildirir. Qarpızların həm qiymətləri, həm də satışı ilə maraqlanmaq üçün bazarlara və marketlərə baş çəkdik.

“Yaşıl bazar”da xeyli qarpız satılırdı. Qiymətləri də əvvəlki günlərə baxanda cüzi də olsa ucuzlaşmışdı. Bir həftə əvvələ qədər kilosu 3 manata satılan qarpız indi 2 manata, 2 manat 50 qəpiyə satılırdı. Alıcısının olub-olmadığına gəlincə, “Yaşıl bazar”dakı qarpız satıcısı Vahid Yusifov son vaxtlar alıcıların çoxaldığını dedi: “Çox insanlar hələ qarpız almağa çəkinir. Mən onları qınamıram. Qarpız zəhərlənməsi pis olur. Amma bu qarpızlar pis deyil. Alanlardan gəlib hələ ki narazılıq edən olmayıb”.

Uzun illərdir qarpız becərdiyini və satdığını deyən digər satıcı Vüqar Əhmədov isə qarpız düzgün yetişdirilərsə, onu istənilən vaxt yeməyin mümkün olduğunu dedi: “Qarpız çox həssas bostan meyvəsidir. Buna görə də onun becərilmə qaydalarında yanlışlığa yol verdikdə bu, zəhərlənməyə səbəb ola bilir. Qarpız əkilən yer mütləq bir neçə dəfə şumlanmalı, oradakı alaq otları yaxşıca təmizlənməlidir. Çünki qarpız ətrafında olan bitkilərin suyunu mənimsəyir. Ona görə də çalışmaq lazımdır ki, qarpızın əkildiyi yerin yaxınlığında zəhərli və zərərli bitkilər olmasın. Qarpıza verilən su da təmiz olmalıdır. Əgər bu qaydalara riayət edilərsə, həmin qarpızın insan səhhətinə heç bir zərəri olmaz”.

Qarpızın hazırda satılması məsələsinə alıcıların da münasibətini aldıq. Bir sıra alıcılar qarpızı artıq daddıqlarını və heç bir şikayətləri olmadığını desələr də, əksəriyyət alıcı hələ ki qarpız yeməyə risk etmədiyini deyirdi. Onlar indi satılan qarpızların zəhərli olduğunu düşünür və qarpızı öz təbii yetişmə vaxtında iyul-avqust aylarında alacaqlarını deyirdilər.

Əgər qarpızın iyun ayında yeyilməsi zərərlidirsə niyə onun satışının qarşısı alınmır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda olan qarpızların əksəriyyətinin GMO məhsulu olduğunu bildirdi: “Satışda olan qarpızların əksəriyyəti Genetik Modifikasiya Olunmuş (GMO) qarpızlardır. Bunun ən parlaq sübutlarından biri həmin qarpızların tumunu növbəti ilə əkəndə yetişməməsidir. Bu qarpızlar həm də istixanalarda yetişdirilən qarpızlardır. Demək olar ki, bu qarpızları kütləvi şəkildə yoxlayan, normal ekspertiza edən heç bir qurum yoxdur. Kimin ürəyi harada necə istəyir elə də qarpızını satır. Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyinin bahalı qiymətə aldığı yeriyən laboratoriyaları, ekspertizaları camaatın əziyyətlə gətirib bazara çıxartdıqlarını yox, gedib yerlərində yoxlasınlar. Etiraf etmək lazımdır ki, bu sahədə böyük boşluq var”.

Qurum sədri qarpızların hamısına pisdir deməyin də düzgün olmadığını dedi: “Satışda olan qarpızlar ola bilsin ki, təhlükəli olmasın. Yəni bu qarpızlara əziyyət çəkilib parnikdə yetişdirilib. Bu o demək deyil ki, satışa çıxarılan qarpızların hamısı pisdir. Ciddi yoxlanılma getmir. Kənd Təsərrüfatı Nazirliyi bu işlə ciddi məşğul olmalıdır”.

Maraqlıdır, qarpızın köhnə və zəhərli olduğunu necə bilmək olar?

Mütəxəssislərə görə, normadan artıq nitrat qəbul edən qarpızların rəngi sarımtıl olur. Onun tərkibində ağ, sarı zoğların çoxluğu da nitratın normadan artıq olmasından xəbər verir. Nitrat orqanizm üçün zəhərlidir. Hansı orqanizmdə problem yoxdur, o, gübrəli qarpızı mənimsəyə bilir. Orqanizmi zəif olanlarda isə zəhərlənmələrə gətirir. Axşamdan kəsilmiş və sonra soyuducuya qoyulmuş qarpız da zəhərlənmə ehtimalını artırır. Zəhərlənmələrin baş vermə ehtimallarını azaltmaq üçün qarpız kəsildikdə onun baş hissəsi atılmalıdır. Çünki zəhərli maddələrin qalıqları oraya toplanır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla zəhərlənmələrin baş verməməsi üçün meyvə-tərəvəzləri yetişmə vaxtında yeməyin daha məsləhətli olduğunu dedi: “Meyvə-tərəvəzdən zəhərlənmə halları yay vaxtı çox olur. İnsanlar bu cür zəhərlənmələrdən qorunmaq üçün meyvə- tərəvəzləri vaxtında qəbul etməlidir. Yəni vaxtından əvvəl parniklərdə süni surətdə yetişdirilən meyvə-tərəvəzlərdən mümkün qədər az istifadə etmək lazımdır. Su tutumu yüksək olan meyvələrin, o cümlədən də qarpız, pomidorda zərərli maddələr, gübrələr toplanıb qalıb. Bu da insanın orqanizminə düşdükdə zəhərlənmələrə səbəb olur.

İçində uzun zoğu olan meyvələr onu göstərir ki, onun tərkibində müəyyən miqdarda toksidi tərkibi olan birləşmələr toplanıb. Vaxtı keçmiş, çürümə baş vermiş meyvələrdən istifadə etməmək məqsədəuyğundur. Meyvənin üzərində elə də bilinmir, amma daxilində müəyyən çürümə, xarab olma prosesləri gedir. Həmin müddətdə isə artıq mikroorqanizmlər orada toplanır və artır. Bu cür dad keyfiyyətlərini itirmi, rəngi dəyişmiş , təzəliyi hiss olunmayan meyvələrdən istifadə etmək məqsədəuyğun deyil.

Məsələn, qarpız, pomidor kimi sulu tərəvəz və bostan bitkiləri kəsildikdən dərhal sonra istifadə olunmalıdır. Onu saxlamaq məqsədəuyğun deyil. Yəni saxlanılanda bu qidalar soyuducudan və digər yerlərdən özünə müxtəlif maddələr hopdurur. Bu da həm keyfiyyəti dəyişdirir, həm də toksidə təsir edə bilər”.("Yeni Müsavat")
Xəbəriniz olsun

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

18.07.2018 - İcra Hakimiyyətinin qarşısında özünü yandırmaq istədi – Azərbaycanda

18.07.2018 - Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

16.07.2018 - Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

16.07.2018 - Tramp Putinlə görüşmək üçün Finlandiyaya getdi

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

Facebook