Kərəm Həsənov oyundan necə uduşlu çıxdı: Şübhəli özəlləşdirmə əməliyyatları

01 iyun 2016
Kərəm Həsənov oyundan necə uduşlu çıxdı: Şübhəli özəlləşdirmə əməliyyatları
Komitə sədri “payına” düşən bütün müəssisələri dövlətin əlindən çıxarıb

Strateji təşkilatlar zatən prezident sərəncamını gözləyirdi


"Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident Fərmanında açıq qeyd olunur ki, dövlət əmlakının özəlləşdirilməsi bundan sonra Prezidentin qərarları ilə həyata keçiriləcək. Fərmanda "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək Nazirlər Kabinetinə tapşırılıb. Artıq özəlləşdirilən dövlət əmlakının qiyməti güzəştli olmayacaq, həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınacaq. Fərmanın verilməsində də əsas məqsədlərdən biri dövlət əmlakının ucuz qiymətə satılmamasıdır. Elə arzuolunan da budur, investorlar alacaqları dövlət əmlakına bazar qiymətilə ödəniş edib, qeyri-rəsmi ödənişlərdən qismən qurtulacaqlar. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim edəcək. Komitə cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir. Fərman qüvvəyə mindiyi gündən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna və Prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırması da ƏMDK-yə tapşırılıb.

Eyni zamanda fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna əsasən özəlləşdirilməsi barədə Prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsinin dayandırılması və həmin dövlət əmlakının siyahısının 20 gün müddətində prezidentə təqdim edilməsi göstərişi verilib. Həmçinin fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna əsasən özəlləşdirilməsi barədə prezident və Komitə tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmaq və həmin dövlət əmlakının siyahısını yenə göstərilən müddətdə dövlət başçısına təqdim etmək tapşırılıb.

Komitənin ixtiyarına buraxılan müəssisələr özəlləşdirilib

Fərman kütləvi informasiya vasitələrində birmənalı qarşılanmır, ƏMDK-nın sədri Kərəm Həsənovun özəlləşdirmə prosesindən uzaqlaşdırıldığı kimi şərh olunur. 1995-ci ilin sentyabrında qəbul olunmuş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq Dövlət Əmlak Komitəsinin (hazırkı ƏMDK) qərarı ilə (yerli icra hakimiyyəti orqanları ilə də razılaşdırılmış) özəlləşdirilən müəssisə və obyektlərin tərkibi məhduddur. Buraya şəhər sərnişin nəqliyyatı müəssisələri və obyektləri (taksimotorlar, onların təmiri ilə bağlı müəssisələrdən başqa), hamamlar və camaşırxanalar, mərasim xidmətləri göstərən müəssisələr, idarə və təşkilatlar (Proqrama bu Əlavənin 1.22-ci bəndində göstərilən qəbiristanlıq və krematoriyalardan başqa), zibil emalı zavodları və stansiyaları daxildir. Müəssisə və obyektlərin özəlləşdirmə planı yerli hakimiyyət orqanının qərarı ilə birgə DƏK-ə təqdim edilir. Nazirlər Kabinetinin qərarları ilə də özəlləşən müəssisə və obyektlər 12 sahəni əhatə edirdi. Birinci Proqramla Komitənin ixtiyarına buraxılan müəssisələrin hamısı özəlləşdirilib.

Strateji müəssisələrə dair qərarı dövlət başçısı verməliydi

Həmin Proqramda Prezidentin qərarları ilə özəlləşdirilən müəssisə və obyektlər də ayrıca qeyd olunub. Azərbaycanın hüdudlarından kənarda olan dövlət mülkiyyət obyektləri; ümummilli əhəmiyyətli qaz təsərrüfatı, onlara xidmət edən idarələr; mülki müdafiə və səfərbərlik təyinatlı obyektlərə xidmət göstərən müəssisələr; ixtisaslaşdırılmış taxıl məhsulları kombinatları, soyuducular, dövlət ehtiyatlarının yerləşdirilməsini təmin edən və səfərbərlik ehtiyatlarını saxlayan anbar təsərrüfatı; hasiledici sənaye müəssisə və obyektləri (yerli xammal hasil edənlərdən başqa); yanacaq-energetika kompleksinin müəssisə və birlikləri (tikinti idarələri və tikinti sənayesi müəssisələrindən başqa), o cümlədən elektroenergetika, neft, təbii qaz çıxaran və emal edən müəssisələr, neft ixracı bazaları, milli əhəmiyyət kəsb edən neft bazaları; kimya, neft-kimya və biokimya müəssisələri; rabitə müəssisələri, dövlət informasiya və teleqraf agentlikləri; Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin təsərrüfat hesablı təşkilatları; dövlət mülkiyyətində olan sosial-mədəni təyinatlı obyektlər; televiziya və radioötürücü mərkəzlər; hava, dəniz və çay nəqliyyatı müəssisələri; şəhər və rayonların mühəndis-infrastruktur obyektləri (o cümlədən elektrik, istilik, qaz təchizatı, su və kanalizasiya təsərrüfatı, şəhər işıqlandırılması), göstərilən obyektləri istismar edən, xidmət göstərən və saxlayan müəssisələr; su təsərrüfatı və meliorasiya sistemi qurğuları, onların istismarı üzrə müəssisələr, onların tikintisi ilə məşğul olan ixtisaslaşdırılmış təşkilatlar; limanlar, liman qurğu və obyektləri; qara və əlvan metallurgiya, maşınqayırma və metal emalı sənayesi, o cümlədən təkrar metal emalı müəssisələri; poliqrafiya müəssisələri və nəşriyyat; şərab, şampan və konyak zavodları, pambıqtəmizləmə zavodları tütün fermentləşdirici fabriklər və tütün kombinatları, çay və çayçəkici fabrikləri, balıqçılıq təsərrüfatları, balıq-konserv zavodları; kommersiya bankları və maliyyə idarələri, nizamnamə kapitalında dövlətin payı olan müştərək müəssisələr; dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatının özəlləşdirilməsi barəsində müraciətlərə dair qərarlar NK-nın təqdimatı ilə Prezident tərəfindən qəbul olunur.

İkinci dövlət proqramına korrektələr olub

Prezidentin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nda barəsində qərar vermək səlahiyyəti prezidentdə olan müəssisə və obyektlərin siyahısına müəyyən korrektələr edilib. Misal üçün, hasiledici sənaye müəssisə və obyektləri (yerli xammal hasil edən müəssisə və obyektlərdən başqa), şərab, şampan və konyak zavodları, pambıqtəmizləmə zavodları tütün fermentləşdirici fabriklər və tütün kombinatları, çay və çayçəkici fabrikləri, balıqçılıq təsərrüfatları, balıq-konserv zavodları, dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatı Prezidentin səlahiyyətində olan müəssisələr siyahısından çıxarılıb, komitəyə verilib. Sığorta təşkilatları, xalq bədii sənət müəssisələri, "Azərkinovideo" İstehsalat Birliyinin müəssisə və obyektləri, dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi orta təhsil müəssisələri istisna olmaqla), tibb sənayesi (əczaçılıq və tibbi-bioloji preparatlar sənayesi müəssisə və obyektləri daxil olmaqla) müəssisə və obyektləri (özəlləşdirilməsi qadağan olunan səhiyyə müəssisələri və obyektləri istisna olmaqla), balıqçılıq, damazlıq və cins toxumçuluq təsərrüfatları, dövlət əhəmiyyətli tikinti və tikinti materialları sənayesi müəssisə və obyektləri, əmtəə, iş və xidmət bazarında inhisarçı olan, özəlləşdirilməsi qadağan edilməyən və II Dövlət Proqramının 2.3-cü bölməsinə daxil edilməyən bütün müəssisə və obyektlər, təsərrüfat hesablı elmi-tədqiqat, layihə, layihə-axtarış təşkilatları və müəssisələri isə Prezidentin özəlləşdirilməsinə qərar verdiyi müəssisə və obyektlər sırasına daxil edilib.

Komitə missiyasını "layiqincə" yerinə yetirib

İkinci Özəlləşmə Proqramında Komitənin səlahiyyətləri genişləndirilib, NK və yerli icra qurumlarının özəlləşdirilməli olduğu sahələri bu quruma keçib. Həmin sənəddə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər bunlardır: topdansatış və pərakəndə ticarət müəssisə və obyektləri (o cümlədən istehsal-texniki təyinatlı məhsullar satan müəssisə və obyektlər); ictimai iaşə və məişət xidməti müəssisələri və obyektləri (idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla); xarici ticarət birlikləri və dövlət təchizatının topdansatış müəssisələri; tikinti və təmir tikinti idarələri, inşaat materialları sənayesi müəssisə və obyektləri (dövlət əhəmiyyətli tikinti və tikinti materialları sənayesi müəssisə və obyektləri istisna olmaqla), yerli sənaye kombinatları; tikintisi dondurulmuş obyektlər, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlər; Yeyinti sənaye müəssisələri; şərab, şampan və konyak zavodları, pambıqtəmizləmə zavodları, tütün fermentləşdirici fabriklər və tütün kombinatları, çay və çayçəkici fabrikləri; çörək və çörək məhsulları, qarışıq yem və qida konsentratları istehsalı üzrə müəssisələr; kənd təsərrüfatı istehsalına xidmət edən və onu istehsal texniki təyinatlı məhsullarla təmin edən müəssisələr; yüngül sənaye müəssisələri; ağac emalı və kağız-sellüloz sənaye müəssisə və obyektləri, tara istehsalı və qablaşdırma müəssisələri də daxil olmaqla; yun emalı müəssisələri; avtomobil nəqliyyatı müəssisələri; ümumi istifadədə olan yolları təmir edən və xidmət göstərən müəssisələr; hamamlar və camaşırxanalar; mərasim xidmətləri göstərən müəssisə və obyektlər; lombardlar; turizm təşkilatları; apteklər və aptek bazaları (anbarları), tibb texnikası bazaları; zibil emalı zavodları və stansiyaları; icarəyə verilmiş dövlət əmlakı (özəlləşdirilməsi qadağan olunan müəssisələrin əmlakı, habelə ərazi və texnoloji cəhətdən müəssisədən ayrı özəlləşdirilməsi mümkün olmayan əmlak istisna olmaqla); yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri; sanatoriya-kurort və mehmanxana təsərrüfatı müəssisə və obyektləri, idarə tabeçiliyindən asılı olmayaraq qonaq evləri; neft və neft məhsullarının pərakəndə satışı üzrə müəssisə və obyektlər; hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş dövlət müəssisə və təşkilatlarının əmlakı. Bütün sadalanan müəssisələr demək olar ki, tam dövlətsizləşdirilib.

Özəlləşdirmənin K.Həsənovun əlindən alındığını və bu fərmanla onun "vurulduğunu" düşünənlər yanılırlar, o, missiyasını "layiqincə" yerinə yetirib. Onsuz da barəsində qərar vermək səlahiyyəti komitəyə məxsus müəssisələr, pis-yaxşı, özəlləşdirilib. Onları ya həqiqətən real investorlar alıb, ya da paketlər kiminsə adına yazılaraq dövlətin sərəncamından çıxarılıb. Sənədlər üzərində hər şey "qaydasındadır". Sırada prezidentin qərarı ilə özəlləşdirilməli olan starteji əhəmiyyətli müəssisə və obyektlər qalır.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook